Ölkəmizin geostrateji mövqeyi, Şərq və Qərb dəhlizindəki önəmli yeri fərqli istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla, ümumən Cənubi Qafqaz bölgəsinin əhəmiyyətini artırır
“Bir kəmər, bir yol” təşəbbüsü Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur və inkişaf strategiyasıdır. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Cinpinin xarici siyasətinin mərkəzi hissəsi hesab edilir. Belə ki, məhz o, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır. Əlavə olaraq, buradakı "yol" sözü "XXI əsrin Dəniz İpək Yolu"nun qısaltmasıdır. Bu ad Hind və Sakit okeanları üzərindən Cənub-Şərqi Asiyadan Cənubi Asiyaya, Yaxın Şərqə və Afrikaya gedən dəniz yollarına istinaddır. Kəmər və Yol Təşəbbüsünün infrastruktur investisiyalarına limanlar, göydələnlər, dəmir yolları, avtomobil yolları, hava limanları, su bəndləri, kömürlə işləyən elektrik stansiyaları və dəmiryolu tunelləri aiddir. Təşəbbüs 2017-ci ildə Çin Konstitusiyasına daxil edilmişdir. Çin hökuməti bu təşəbbüsü "regional əlaqələri gücləndirmək və daha parlaq bir gələcəyi əhatə etmək üçün bir cəhd" adlandırır. Layihənin nəticələnmə hədəfi 2049-cu ildir. Bu tarix Çin Xalq Respublikasının (ÇXR) əsasının qoyulmasının yüz illiyinə təsadüf edir. ABŞ da daxil olmaqla iştirakçı olmayan ölkələrdən olan bəzi müşahidəçilər bunu sinosentrik beynəlxalq ticarət şəbəkəsi üçün bir plan olaraq şərh edirlər. Buna cavab olaraq Amerika Birləşmiş Ştatları, Yaponiya və Avstraliya 2019-cu ildə Mavi Nöqtə Şəbəkəsi təşəbbüsünə, ardınca isə 2021-ci ildə G7-nin Daha Yaxşı Dünya Qurmaq təşəbbüsünə start vermişdir.
“Bir kəmər, bir yol” təşəbbüsü irəli sürüləndən ötən 10 il ərzində Çinin bu təşəbbüsə qoşulan ölkələrlə ticarət dövriyyəsi 87,4 faiz çoxalıb. Çin Baş Gömrük Administrasiyasının Statistika və analitika departamentinin məlumatına görə, Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsi 2013-cü ildəki 10,11 trilyon yuandan (təxminən 1,384 trilyon ABŞ dolları) ötən ilin sonuna 18,95 trilyon yuana (2,593 trilyon dollar) çatıb. İllik artım tempi isə 7 faiz təşkil edib ki, bu da Çinin ümumi xarici ticarətinin artım tempindən 1,5 faiz daha yüksəkdir. Çinin son ildə dəmir yolu, yük limanları, sənaye parkları da daxil olmaqla, imzaladığı layihələrin təxminən 90 faizi məhz “Bir kəmər, bir yol” təşəbbüsü ölkələrinin payına düşür. Ötən 10 ildə 25 ölkəni və 200-dən çox şəhəri əhatə edən Çin-Avropa qatarlarının sayı 80-dən 16 minə yüksəlib.
Azərbaycana gəlincə, ölkəmiz İpək Yolu İqtisadi Kəmərinin Orta Dəhlizində yerləşir. 4.256 km dəmir yolu və 508 km dəniz yolunu əhatə edən bu dəhliz Çin-Qazaxıstan sərhəddindən Azərbaycana (Xəzər dənizi ilə) və buradan da Gürcüstan və Türkiyəyə qədər uzanır. Dünya ölkələri Azərbaycan üzərindən daşıdıqları yüklərin həcminin artmasına xüsusi maraq göstərirlər. Bunu oktyabrın 17-18-də Pekində keçirilən “Bir kəmər - bir yol” Üçüncü Beynəlxalq Əməkdaşlıq Forumunda səslənən fikirlər də təsdiq edir. “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümünə təsadüf edən builki forumda 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə iştirak edib. Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Burada diqqət mərkəzində yer alan əsas məsələlərdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tədbirdə çıxışı zamanı qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istifadəsi Çindən Avropaya yükdaşıma vaxtını iki dəfə azaltmağa kömək edə bilər: “Bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bir çox dövlətlər üçün flaqman əməkdaşlıq layihəsinə çevrilir. Çini, Mərkəzi Asiyanı və Avropanı birləşdirən bu nəqliyyat arteriyası “Bir kəmər - bir yol”un kontinental körpüsünə çevrilə, yükdaşıma vaxtını iki dəfə və nəqliyyat xərclərini isə əhəmiyyətli dərəcədə azalda bilər”. Çin Xalq Respublikasının sədri Si Cinpin isə qeyd edib ki, ölkəsi Transxəzər beynəlxalq nəqliyyat dəhlizində fəal iştirak edəcək. Si Cinpin deyib ki, Çin yüksək keyfiyyətli “Bir kəmər, bir yol” əməkdaşlığı üçün birgə səy göstərərək çoxşaxəli əlaqə şəbəkəsi quracaq. Forumda diqqət mərkəzində yer alan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə konteyner daşımalarını həyata keçirir. Hazırda Çindən Mərkəzi Asiyaya, buradan Xəzər dənizi vasitəsilə gələn yüklər Ələt limanında qəbul edilərək ölkəmizin ərazisində müasir infrastrukturla Orta Dəhlizə inteqrasiya edilmiş marşrutlara yönəldilir. Tələbatın artması ilə əlaqədar olaraq Azərbaycan Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirilməsi layihəsinin icrasını da uğurla davam etdirir. Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. Xüsusən də Çin Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə daha qısa vaxt sərf etmiş olur. Bununla yanaşı, Orta dəhliz Asiya ilə Avropa arasında qlobal ticarətin daha sərfəli və təhlükəsiz olmasını təmin edir. Ölkəmizin geostrateji mövqeyi, Şərq və Qərb dəhlizindəki önəmli yeri fərqli istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla, həm ölkəmizin, həm də ümumən Cənubi Qafqaz bölgəsinin önəmini artırır. Tranzit ölkəyə çevrilmə istiqamətində atılan uğurlu addımlar, yaradılan imkanlar sayəsində Azərbaycan son illərdə bu sahədə yüksək nəticələrə nail olub. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Ölkəmiz Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və digər amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Sevinc Azadi, “İki sahil”