İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) İspaniyanın paytaxtı Madriddəki Ticarət, Sənaye və Xidmətlər Palatası ilə tərəfdaşlığın genişləndirilməsi və əməkdaşlıq sazişinin imzalanmasına dair fikir mübadiləsi aparıb.
Bu barədə “İki sahil”ə AZPROMO-dan bildirilib.
Məlumata görə, qurumun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən bu ay AZPROMO-nun nümayəndələrinin İspaniyaya planlaşdırılan işgüzar səfəri zamanı qarşıya qoyulmuş hədəflər barədə məlumat verib. O, İspaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatında daha aktiv iştirak etməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə İspaniyada ölkəmizin investisiya layihələrinin təqdimatının ("Investment Roadshow") keçirilməsini təklif edib.
Madrid Palatasının baş direktorunun müavini Elza Yansen investisiya əlaqələrinin genişləndirilməsi baxımından "Investment Roadshow"nun perspektivlərini yüksək qiymətləndirib. O, Palatanın AZPROMO-nun İspaniyaya planlaşdırılan işgüzar səfəri çərçivəsində əlaqələndirmə işlərinə, eləcə də gələcəkdə müxtəlif formatlarda tədbirlərin və görüşlərin təşkilinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Tərəflər həmçinin iki qurumun nümayəndələri arasında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparıb. Qurumlar arasında müvafiq sazişin imzalanması üçün məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.