28 oktyabr 2026 18:52
164

Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz rayonunda leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri aparılır.

“İki sahil” xəbər verir ki, görülən işlər çərçivəsində Aşağızeyid–Bərqov kəndlərini birləşdirən avtomobil yolunun Caqacuq çayı üzərindən keçən hissəsində iki aşırımlı yeni körpü inşa olunur.

Layihəyə əsasən, körpüyə yanaşma yollarının, həmçinin çay sularının axınının tənzimlənməsinə xidmət edən sunizamlayıcı qanadların bərpası nəzərdə tutulur.

Həyata keçirilən tədbirlərin əsas məqsədi yol infrastrukturunun dayanıqlılığını artırmaq, sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq və vətəndaşların təhlükəsiz, fasiləsiz hərəkətini təmin etməkdir.

Qeyd edək ki, leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.