İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarında Avropanın aparıcı taxta emalı və hazır məhsul istehsalı müəssisəsinin yaradılması ilə bağlı layihələri nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasındabunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
O qeyd edib ki, müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
E. Nuriyev deyib ki, Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 34,7 %-i ixracın payına düşür”.
O vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib: “Bunun da 674,4 milyon manatlıq (32,1%) hissəsi ixrac edilib. Sumqayıt Kimya Sənaye Parkında hazırda 6 600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur".