25 oktyabr 2023 00:43
326

Regionların iqtisadi inkişafının ürəkaçan sosial təzahürləri

Bu gün işığı, suyu, qazı daimi olan ən ucqar rayonlar belə, əsl firavanlıq məkanına çevrilibdir

Son 20 ildir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin cərgəsindədir. Bu inkişafa çatmağımızda təbii ki, regionların tərəqqisi  önəmli rol oynayıb. Məlumdur ki, ötən 20 ildə ölkəmizdə regionların inkişafı daim diqqətdə saxlanılıb. Müxtəlif illərdə qəbul edilən dörd Dövlət Proqramının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin iqtisadi potensialından səmərəli istifadə edilməsi ciddi sosial dəyişikliklərə gətirib çıxarıb. Bu dövrdə regionla­rın sosial-iqtisadi inkişafına yatırılan investisiyaların həcmi 104 milyard manat olub. Məhz bunun nəticəsidir ki, 2023-cü ildə regionlar üzrə məh­sul buraxılışının həcmi 2003-cü ilə nisbətən 14 dəfə çoxalıb. 2004-cü ildən indiyədək böl­gələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb.

Bu illər ərzində 8 hava limanı tiki­lib və ya yenidən qurulub. Laçın hava beynəlxalq limanının inşası isə başa çatmaq üzrədir. Bundan başqa, 500-dən çox körpü və tunel, 3 min 300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi istifadəyə verilib, yaxud təmir olunub. Xüsusilə  2003-cü ildən indiyə kimi respublika­mızda 17 min kilometr məsafədə avtomobil yolu çəkilib ki, bura kəndlərarası yollar da daxildir.. Belə ki, bu dövrdə 6,2 milyon nəfər əhali yaşayan, 2 min 210 yaşayış məntəqəsini birləşdirən 5 min 100 kilometr uzunluğunda kəndlərarası avtomobil yolu  yenidən qu­rulub və təmir olunub. 

Eyni zamanda, regionlarda özəl sektorun dəstəklənmə­sinə böyük önəm verilib. Bu sahədə Sahibkar­lığın İnkişafı Fondu xüsusi fərqlənib. Belə ki, 2003-2022-ci illərdə fond tərəfindən 43 minə­dək investisiya layihəsinin maliyyələşməsinə 28 milyard manatdan çox güzəştli kredit verilib və onun 75 faizi regionlara ayrılıb. Regional inkişafdan bəhs edərkən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan sənaye zonalarının fəaliyyətinə də diqqət yetirmək lazımdır. Xatırladaq ki, indiyədək bölgələrdə 7 sənaye parkı və 5 sənaye məhəlləsi yaradılıb. Sənaye zona­larında, ümumilikdə, 10 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 3,4 milyard manatlıq hissəsi ixrac olunub.

Bölgələrdə kənd təsərrüfatının inki­şafı istiqamətində də çoxsaylı layihələr icra edilib, bu yöndə müxtəlif infrast­ruktur obyektləri istifadəyə verilib. Aqroparkların yaradılması diqqətdə saxlanılıb. Son illərdə fəaliyyətə baslayan 51 aqroparka sahibkarlar tərəfindən 1,5 milyard manatdan çox in­vestisiya qoyulub, 4800-dən çox iş yeri açılıb. 

Həmin təsərrüfatlarda sahibkarlığın müasir dünya təcrübəsi əsasında formalaşma­sı üçün rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olu­nub.

Son 20 ildə regionlarda sürətlə aparılan digər önəmli iş qazlaşdırmadır. Belə ki, hər il ölkənin 100-dən artıq  kənd və qəsəbəsi  Dövlət Proqramına uyğun təbii qazla təmin edilib. Məhz bunun nəticəsidir ki, bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 96, 6 faizə çatdırılıb. Hətta bu gün ən ucqar dağ kəndlərində qazdan istifadə edilir. Eyni zamanda, rayon mərkəzlərinin, kənd və qəsəbələrin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində geniş işlər görülüb. Ötən 20 ildə rayon mərkəzlərində aparılan abadlıq-quruculuq işləri onların simasını xeyli dəyişib. Bu gün ən ucqar rayon mərkəzlərinin sosial-iqtisadi panoraması belədir: böyük parklar, mədəniyyət evləri, Olimpiya İdman kompleksləri, bir-birindən zəngin ticarət mərkəzləri və daha nələr- nələr… Məhz bütün bunlar imkan verir ki, ən ucqar rayonlarda belə insanlar özlərini rahat hiss etsinlər.

Bəli, bu gün regionların sürətli iqtisadi inkişafınfn məntiqi nəticəsidir ki, abadlaşan kəndlərimiz əsl firavanlıq məkanına çevrilib. Eyni zamanda, bu da bir həqiqətdir ki, işığı, suyu, qazı davamlı olan  kənd adamının torpağa bağlılığı da möhkəm olur. Belə insanlar isə əkin-biçinləri ilə torpağa can verərək ölkəmizin ərzaq təhlükəsizliyinin ilk təminatçılarına çevrilirlər.

Elçin Zaman, «İki sahil»