25 oktyabr 2023 12:23
381

Orxan Məmmədov: "Qarabağ KOB-ları" proqramı bütün Azərbaycanı əhatə edəcək

"Qarabağ KOB-ları" proqramının adı ilk baxışdan elə təəssürat yarada bilər ki, bu layihə yalnız Qarabağda fəaliyyət göstərəcək KOB-ları əhatə edəcək, lakin proqram təkcə Qarabağı deyil, növbəti mərhələlərdə bütün Azərbaycanı əhatə edəcək.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov layihənin təqdimatında bildirib.

"Proqram hələ ki, Bakı, Şamaxı, İsmayıllı, Şəki və Zaqatalanı əhatə edir. Proqram çərçivəsində şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvləri arasından seçilmiş namizədlərə “Maliyyənin idarə olunması”, “Biznes-planın hazırlanması” “Marketinq”, “Sosial Media Marketinq” , “İnsan resurslarının idarə olunması”, “Satış” mövzularında zəruri təlimlər keçiriləcək. Layihə iştirakçılarına sertifikatlar veriləcək", - deyə O.Məmmədov əlavə edib.

"Proqramın özəlliyi ondadır ki, onun iştirakçıları 44 günlük Vətən müharibəsində bizə zəfər qazandıran, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmiş övladlarımız olacaq. Artıq 3 ildir ki, Azərbaycan dövlətinin hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğısını görürük. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır. Onların sosial həyatının daha da yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi müxtəlif önəmli qərarlar qəbul edir. Onlara yönəlik müxtəlif sosial dəstək proqramları həyata keçirilir. "Qarabağ KOB-ları" proqramı isə bizim bu istiqamətdə icra etdiyimiz növbəti layihədir. Bu proqramı icra etməkdə bizim əsas məqsədimiz şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması, yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaqdır", - deyə o qeyd edib.

O, həmçinin deyib ki, özünəməşğulluq proqramı çərçivəsində seçilən və artıq təlimlərdən keçmiş iştirakçılara öz bizneslərini qurmaları üçün zəruri avadanlıqlar təqdim ediləcək, onlara peşə təlimləri keçiriləcək: "Layihənin icrası nəticəsində 50 yeni sahibkarlıq subyekti yaradılacaq. Eyni zamanda bu proqram çərçivəsində yaradılacaq sahibkarların öz məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma hazırlanır. Bu platforma vasitəsi ilə gələcəkdə layihəyə yeni qoşulacaq iştirakçılar da öz xidmət və məhsullarını təqdim edə biləcəklər. Layihə KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “PAŞA Holdinq” MMC-nin maliyyə dəstəyi hesabına həyata keçirilir".

"Bu gün şəhid və qazi ailələrinin məşğulluğunun təmin edilməsinə, onların maddi rifahının yüksəldilməsinə daha intensiv xidmət etməyimiz bir zərurətdir. Bizim bu Proqrama uğurla start verdiyimiz kimi, onu uğurla başa vuracağımıza inanıram. Vətən müharibəsindən sonra bu istiqamətdə fəaliyyətimiz daha da intensivləşib. Çünki bizim bu istiqamətdə çox böyük təcrübəmiz formalaşıb. Belə ki, Vətən müharibəsindən əvvəlki dönəmdə də KOBİA sosial cəhətdən həssas qruplar arasında sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində müxtəlif işlər görüb. Misal olaraq, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində Şəmkir, Qazax, Tovuz, Salyan rayonları üzrə Vətən müharibəsi veteranı və şəhid ailəsi üzvləri üçün kiçik heyvandarlıq təsərrüfatları yaradılıb.

“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlı layihə sosial cəhətdən həssas vətəndaşlar üçün kiçik təsərrüfatların yaradılmasına xidmət edir. Layihəyə uyğun olaraq həmin şəxslərə simmental cins iribuynuzlu damazlıq heyvanlar, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar öz kiçik təsərrüfatlarını yaradıblar. Qarşıdakı dönəmdə layihə iştirakçılarına sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik göstəriləcək. Eyni zamanda KOBİA vı Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən “Səyyar kofe evləri” layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə çalışmaq istəyən, 35 yaşadək 20 nəfər işsiz şəxsə səyyar kofe satışı istiqaməti üzrə kiçik bizneslərini qurmaları üçün lazımi avadanlıqlar verilib. Bu zaman layihə iştirakçılarını seçərkən məhz şəhid ailələrinin üzvlərinə və qazilərimizə üstünlük verilib. Onlar özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində kofe treyleri, qəhvə maşını və qəhvə üyütmə maşını ilə təmin olunublar", - deyə O.Məmmədov vurğulayıb.