26 oktyabr 2023 10:27
327

Muxtar Babayev: Heydər Əliyevin rəhbərliyi dövründə kəşf olunmuş yataqların sayı 65-dən 500-dək artıb

"Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə kəşf olunmuş faydalı qazıntı yataqlarının sayı 65-dən 500-dək artıb".

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Geologiya-Mədənçilik Forumunun açılışında "Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri" mövzusunda çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dağ-mədən sənayesinin yeni tarixi şəraitdə müasir inkişaf konsepsiyasının işlənib hazırlanması Heydər Əliyevin mühüm töhfələrindən biridir.

M.Babayev bildirib ki, Heydər Əliyevin səyləri ilə istedadlı azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi bu sahənin milli dağ-mədən mütəxəssisləri ilə təmin olunması baxımından böyük əhəmiyyət daşıyıb: "Ümummilli Lider fəaliyyətində yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dağ-mədən sənayesi müasir Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında mühüm rola malikdir. Bu sahə qeyri-neft sektorunun inkişafında aparıcı istiqamətlərdən biri kimi Azərbaycanın iqtisadi cəhətdən dünyada mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Dağ-mədən sənayesinin hazırkı inkişaf tendensiyaları bu sahəyə milli və xarici investisiyaların cəlb olunması ilə dünya sənayesinə inteqrasiya üçün geniş imkanlar açır".