Prezident İlham Əliyev: Bu, sadəcə başlanğıcdır
Xəbər verildiyi kimi, oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın inkişafına verdiyi möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”şirkəti və onun rəhbərliyinə təşəkkür etdi: “Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə başlanğıcdır”.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş sözügedən stansiyanın təməlqoyma mərasimi ötən il martın 15-də Gülüstan sarayında keçirilib. 110 mindən çox evin tələbatını qarşılamaq, karbon qazı tullantılarını isə il ərzində 200 min tondan çox azaltmaq imkanına malik olan “Qaradağ” GES-in tikilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala sahibliyinin göstəricisi hesab edilir. Quruda 27 giqavatt (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialının mövcudluğu bunun bariz ifadəsidir. Energetika Nazirliyi ilə adıçəkilən şirkəti arasında “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” dənizdə külək enerjisindən istifadə, “yaşıl hidrogen” istehsalı, karbon tutulması və saxlanılması kimi məsələlərin reallaşdırılmasını qarşıya önəmli vəzifə kimi qoyub. Sözügedən nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” isə Azərbaycanın işğaldan azad edilən ərazilərində alternativ enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyənləşdirir. Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Energetika Nazirliyi ilə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir. Bütün bunlarla yanaşı, “Masdar” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında bərk məişət tullantılarından enerji istehsalı, “Azərbaycan Dəmir Yolları” QSC arasında isə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq üzrə Anlaşma memorandumları da imzalanıb. Azərbaycanla investisiya dəyəri 225 milyon dollardan çox 230 MVt gücündə “Qaradağ” GES layihəsi üzrə əməkdaşlıq edən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa dövlətlər də daxil olmaqla 40-dan çox ölkədə səmərəli fəaliyyət göstərir.
“Masdar” şirkəti 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda da bərpa olunan və təmiz enerji sahəsində bir neçə layihə həyata keçirəcək. Şirkət bu bölgədə ilk layihəsini Kəlbəcər–Laçın zonasında, gücü 100 MVt-dan çox olan KES-in tikintisi ilə başlayacaq, sonrakı layihələrin gücü isə Qarabağda 200 MVt gücündə günəş stansiyasının tikintisi olacaq. Qlobal miqyasda bərpaolunan enerji sahəsində 8 min meqavat olmaqla, elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard dollar məbləğində investisiya portfelinə malik olan “ACWA Power” şirkətinin Azərbaycanın işğaldan azad edilən ərazilərində “yaşıl enerji” layihələrində əsas investorlardan biri olacağı istisna deyil. Xatırladaq ki, 2022-ci ildə bu şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” KES-in inşasına başlanılıb. Bundan başqa, Azərbaycan Energetika Nazirliyi bu il iyunun 1-də Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti ilə ümumi gücü 2 GVT olan bərpa olunan enerji mənbələri üzrə layihələrdə əməkdaşlıq etmək məqsədilə niyyət memorandumu imzalayıb. Göründüyü kimi, hər 3 şirkət işğaldan azad edilən ərazilərdə daha böyük investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutub.
Prezident İlham Əliyev həmçinin qeyd edir ki, bizim bərpa olunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır: “Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır”. Dövlət başçısının 2021-ci il 3 mart tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək, termal, geotermal və digər bərpa olunan enerji potensialının istismarı və xarici şirkətlərin bu ərazilərə cəlb edilməsi üçün əhatəli güzəşt və müxtəlif stimulların verilməsi qərara alınıb. Həmin ərazilərdə investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyənləşdirilməsi məqsədilə hökumətə müvafiq tapşırıqlar verilib və bu imkanlar xarici investorlara təqdim edilib. Son bir il ərzində Yaponiya, Cənubi Koreya, İtaliya, Türkiyə, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb.
“Yaşıl enerji zonası”nın yaradılması ilə əlaqədar hazırlanmış konsepsiyaya uyğun olaraq işğaldan azad olunan bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji mənbələrinin istehsalı məqsədilə bölgədə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda SES-lərin tikilməsi nəzərdə tutulur. Konsepsiya sənədinə əsasən, 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) günəş elektrik stansiyalarının tikintisi üçün, ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan, 8 perspektiv ərazi müəyyənləşdirilib.
Beləliklə, “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatdan, potensial isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. Azərbaycan hökuməti bütün iqtisadi imkanları və vergi-gömrük güzəştlərini səfərbər edərək həm qlobal miqyasda ekoloji cəhətdən xüsusi üstünlüyə malik “yaşıl enerji” istehsalını artırır, ölkədə “yaşıl iqtisadiyyat” konsepsiyasının əsas hədəflərindən birinə çatmağı planlaşdırır.
Bir məqamı da xatırlatmaq yerinə düşər. Əlverişli günəş radiasiyasına malik Naxçıvanın da “yaşıl enerji zonası”na çevrilməsi üçün xüsusi inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyaya əsasən, muxtar respublikada külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Avropa istiqamətində ixracı nəzərdə tutulur. Hazırda özəl investisiyaların alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasına cəlb edilməsi istiqamətində işlər aparılır. Artıq “Total Energies” və “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 meqavat olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Həmin güclərin 650 meqavatının məhz Naxçıvanda yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, yaxın illərdə Naxçıvanın “yaşıl enerji” şəbəkəsi xeyli genişləndiriləcək. Həmçinin Naxçıvan "yaşıl enerji"nin istehsal və istehlakı ilə bərabər, ixracının da mənbəyinə çevriləcək.
Sevinc Azadi, “İki sahil”