Hədəf 2030-cu ilədək elektrik enerjisi istehsalında günəş və külək enerjisi potensialını bərpa olunan enerji mənbələri hesabına 30 faizə çatdırmaqdır
Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nu qitə dövlətləri ilə enerji tərəfdaşlığımızın gücləndirilməsi baxımından yüksək dəyərləndirənlər etiraf edirlər ki, Azərbaycan Avropa üçün ən etibarlı enerji bazarıdır. Anlaşma Memorandumunun imzalanmasının hər iki tərəf üçün faydalı olacağını əminliklə bildirən Prezident İlham Əliyev ölkəmizdə zəngin potensial olduğunu da rəqəmlərə ifadə edir. Azərbaycanın tarixi ərazisi olan Qarabağ və Şərqi Zəngəzur kimi, Ermənistanın işğalından azad olunmuş digər bölgələrdə də günəş və külək enerjisinin potensialının 9200, Xəzər dənizində 157 qeqavat həcmində olması ölkəmizin bərpa olunan enerji üzrə ixracını da artıracaq. Dünyanın aparıcı enerji şirkətlərindən olan Birləşmiş Ərəb Əmirliklərinin «ACWA Power» və 40-dan çox ölkədə bərpaolunan enerji layihələrini uğurla həyata keçirən «Masdar» şirkətləri ilə imzalanmış müqavilələr əsasında günəş və külək elektrik stansiyalarının fəaliyyəti ilə respublikamızın enerji ixracı daha da artacaq. Xüsusilə Kəlbəcər və Laçın rayonlarında küləyin və Günəşin potensialından istifadə ilə bağlı perspektivlər ümidvericidir.
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı ilə bu proqnozlar reallaşır. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, «AzərEnerji» ASC və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı imzalanan müqavilə əsasında Xəzər regionunda və MDB məkanında ən böyük enerji istehsalına malik Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu günlərdə istifadəyə verilən, Abşeron yarımadasının müəyyən sahəsini yaşıl enerji mənbəyinə çevirəcək, inşasına 262 milyon ABŞ dolları sərf olunan sənaye miqyaslı həmin Günəş Elektrik Stansiyasında hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Eyni zamanda, 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Ekoloji tarazlığın qorunmasının təminatı üçün atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Mərasimdə iştirak edən, istifadəyə verilən stansiyanı Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi adlandıran, ölkəmizin yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq «Masdar» şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcək üçün nəzərdə tutulan çoxsaylı layihələrin ilk addımı olan bu stansiya respublikamızın enerji icracı imkanlarını artıracaq: «Biz mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.»
Avropa ölkələrinin enerji ilə təchizatında mühüm rola malik «yaşıl enerji» siyasəti Azərbaycanın enerji diplomatiyasının yeni səhifələrindən olsa da perspektivləri geniş və davamlıdır.
İllərdən bəri Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı müxtəlif istiqamətlər üzrə davam etdirən Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. «Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir» sözləri ilə Azərbaycanın beynəlxalq bazarlarda neft, təbii qaz, neft, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanındığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qarşıdakı illərdə hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Daha zəngin potensial yaratmaq üçün dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə, tərəfdaşlarla əlbir işləyəcək.
Dünyada enerji və iqtisadi böhranın mövcud olduğu indiki zamanda neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması qarşılıqlı əməkdaşlıq üçün yeni reallıqlar yaradır. Bu baxımdan Azərbaycanın milli enerji şəbəkəsinin genişləndirilməsini təmin edəcək Dövlət Proqramının icrası xüsusilə zəruridir. «Çünki mən bizim yalnız «Masdar»” şirkəti ilə icra etməyi planlaşdırdığımız layihələri qeyd etdim. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir» söyləyən dövlət başçımızın vurğuladığı kimi, Azərbaycanın milli enerji şəbəkəsinin gücləndirilməsi, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə üçün etibarlı maliyyə resursları ayrılıb.
Azərbaycanın bərpa olunan enerji potensialı təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidroenerji potensialı artır. Respublikamızda 170 meqavat gücündə olan su elektrik stansiyaları istismara verilib. İlin sonuna qədər bu rəqəm 270, qarşıdakı illərdə isə hidroelektrik stansiyaların gücü 500 meqavata çatdırılacaq. Bu uğur yaşıl enerjiyə keçid prosesinə mühüm töhfə olacaq.
«Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir» sözlərinə əlavə olaraq gələcək planlardan söz açan Prezident İlham Əliyev Xəzər dənizini güclü külək enerjisinə malik mənbə adlandırır. Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəmərinin vaxtında istismara verilməsi regionun enerji təhlükəsizliyinə töhfə kimi dəyərləndirilir.
Dünyada baş verən geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var. «Yaşıl enerji» siyasətinin geniş miqyasda həyata keçirilməsi bir neçə milyardlarla ölçülən təbii qaza qənaət imkanı yaradacaq. Qarşıdakı illər üçün nəzərdə tutulan planlarımızın əsas prioriteti Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdir. Artıq bu sahə üzrə görüləcək işlərlə bağlı müqavilə imzalanıb. Bir neçə aydan sonra Azərbaycanın təşəbbüsü və iştirakı ilə icra edilən yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma işləri davam etdirilir.
Söylənilənlər, nəzərdə tutulan qlobal əhəmiyyətli layihələrin reallaşması müstəqillik tariximizdə təkcə enerji deyil, bütün sahələri əhatə edən planlarımızın uğurlu həllini göstərir. «Hazırda Azərbaycan «yaşıl enerji» ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır» söyləyən dövlət başçımız İlham Əliyevin siyasi iradəsi, təşəbbüskarlığı, xalqın birliyi və Birləşmiş Ərəb Əmirlikləri kimi tərəfdaşlarımızla bütün məqsədlərimizə nail olacağımıza heç bir şübhə yoxdur. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında» Sərəncamına əsasən, «Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında» Qanun layihəsi hazırlanıb. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçikhəcmli layihələrin həyata keçirilməsinə başlanılacaq. Hədəf 2030-cu ilə qədər elektrik enerjisi istehsalında günəş və külək enerjisi potensialının bərpa olunan enerji mənbələri hesabına 30 faizə çatdırmaqdır. 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün təminatı nəzərdə tutulub.
Xuraman İsmayılqızı, «İki sahil»