Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, respublikaya rəhbərliyinin hər iki mərhələsində zamanın tələbinə uyğun təkmilləşdirdiyi, parametrlərini dünya siyasətinə uyğun müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin quruculuq, yaradıcılıq məharətinin məntiqi nəticəsi beynəlxalq aləmdə islahatçı ölkə kimi tanınan Azərbaycanın dinamik tərəqqidir. 20 il ərzində özünü doğruldan və başqalarına nümunə göstərilən nailiyyətləri «Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Biz buna nail olduq» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev siyasi müstəqillik qədər önəmli olan iqtisadi müstəqilliyi dövlətin varlığının təməl sütunlarından hesab edir.
Son 20 ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) dörd , büdcə gəlirlərinin 30 dəfədən çox, xarici ticarət dövriyyəsinin on dəfədən çox artması inkişaf konsepsiyamızın uğurlu davamının nəticəsidir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər bu rəqəmin 7-7,5 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Ən əsası odur ki, ölkə üzrə müsbət sərmayə mühiti təkcə enerji ixracı hesabına deyil, qeyri-neft sektorunun gəlirləri hesabına da formalaşmışdır. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idisə, hazırda bu rəqəm 5,5 faiz təşkil edir. Azərbaycanın beynəlxalq bazarlara çıxarılan təbii sərvətlərinin dövlətin maraqları və ölkə vətəndaşlarının mənafei naminə sərf edilməsinin nəticəsidir ki, respublika əhalisinin sosial müdafiəsinin, rifahının yüksəlməsi üçün həyata keçirilən «islahatlar paketi» daha da zənginləşir. Başqa sözlə deyilsə, inkişafımızın əsas meyarı olan siyasi, iqtisadi və sosial sabitlik proqnozlaşdırılan istiqamətdə davam etdirilir. Maaşlar, pensiyalar müntəzəm artırılır. İşğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlər üçün şəhərlər salınır, doğma evlərinə qayıdan insanlar yeni evlərlə, mənzillərlə təmin edilir. «İndi isə onlar üçün biz, bax, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Laçında, Xocavənddə, Hadrutda, Ağalıda, Talışda, Suqovuşanda evlər inşa edirik və inşa edəcəyik» söyləyən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra, qısa müddətdə görülən işləri iqtisadi inkişafımızın nailiyyəti adlandırır. Ermənistanın işğalından azad edilmiş ərazilərdə şəhərlərin, kəndlərin bərpası planlaşdırılımış qaydalara uyğun, tərtib edilmiş Baş planlara əsasən davam etdirilir. Hazırda respublikamız genişmiqyaslı inşaat meydançasını xatırladır. Beynəlxalq reytinqlər və hesabatlarda Azərbaycanın adı ilk sıralarda çəkilir. Həmin hesabatlarda qeyd olunduğu kimi, 2003-2022-ci illərdə ölkə üzrə ÜDM 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib. Dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata, strateji valyuta ehtiyatları 66,1 milyard dollara çatıb.
Ermənistanın işğalından azad edilmiş torpaqlarda- Şuşada, Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa- abadlıq işləri, yenidən qurulan su elektrik stansiyaları, inşa edilən yol- nəqliyyat infarastrukturları, çəkilən beynəlxalq, respublika əhəmiyyətli daxili və magistral yollar, açılış mərasimləri keçirilən sosial obyektlər, təməli qoyulan yaşayış məskənlərinin hər biri iqtisadi inkişafın real göstəricilərindəndir.
Oktyabrın 17-də, «Füzuli Şəhəri Günü»”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iqtisadi inkişafımızın dinamikası ilə bağlı açıqlama verən dövlət başçımızın vurğuladığı kimi, Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, rahat həyat şəraiti yaradılacaq. Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma forumlarında Azərbaycanın şəhərsalma prinsiplərinə və standartlara uyğun təcrübəsi bəyənildi. «Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsində qazandığımız Qələbənin rəmzi kimi üçrəngli bayrağımızın ucaldılması üçün bir dənə də olsun sağlam, dağılmamış binası qalmayan Füzuli indi qonaqlarını və sakinlərini müasir siması ilə heyran edir. «Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var » söyləyən dövlət başçımızın vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıdışı ilə birlikdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün də iqtisadiyyatın güclənməsi mühüm amildir. Həyata keçirilən layihələrdə coğrafi ərazilərin, hər şəhərin xarakterik xüsusiyyətinə, iqlim şəraitinə, insanların maraqlarına uyğun ənənəvi iş yerləri açılır. Özünüməşğulluq proqramına qoşulanlar texnikalarla , avadanlıqlarla, mal-qara ilə təmin edilirlər. Görülən işlər, həyata keçirilən layihələr Prezident İlham Əliyevin «Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır» sözlərinin real həyatda təsdiqidir. Birinci Qayıdış Proqramında nəzərdə tutulan işlərin intensivləşməsinin «Heydər Əliyev İli»nə təsadüf etməsi inkişafımızın təməlini qoyan Ulu Öndərə ümumxalq məhəbbətinin, Prezident İlham Əliyevin qüdrətli Azərbaycan naminə davam etdirdiyi strategiyasının uğuru, 20 illik liderlik məharətinin bəhrəsidir.
«Biz bu illər ərzində həm iqtisadiyyatı qurduq, həm ehtiyatlar yığdıq. Nə üçün? Bilirdik ki, bu gün gələcək, o vəsait bizə lazım olacaq və biz haraya xərcləyirdik - orduya. Birinci yerdə ordu xərcləridir, ikinci təhsil xərcləridir. Həmişə bizim büdcəmizdə, bu iki əsas prioritet var idi. İndi ordu xərclərinə biz yenə də vəsait ayırmalıyıq. Çünki yumruq daim yerində olmalıdır. Ancaq, eyni zamanda, indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir» söyləyən Prezident İlham Əliyev bütün Azərbaycan xalqının arzularına uyğun bərpa işləri aparılacaq ünvanı da açıqlayır: Artıq yol Zəngəzuradır!
Xuraman İsmayılqızı, "İki sahil"