Kənd Təsərrüfatı Nazirliyi Minatəmizləmə Agentliyi (ANAMA) və digər aidiyyəti qurumlarla birgə faydalı əməkdaşlıq qurub, sözügedən ərazilərdə fəaliyyət göstərən aqrar şirkətlərin işinin təşkilinə dəstək göstərməkdədir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, bugünkü tarixə ANAMA tərəfindən ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənib, bundan 27 783 hektar sahənin isə təmizlik sertifikatları və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub:
“Məhz bu əməkdaşlığın nəticəsində təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-2021-ci təsərrüfat ilində 10 min ha, 2021-2022-ci təsərrüfat ilində 50 min ha, 2022-2023-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu isə potensial ərazilərin cəmi 60 %-ni təşkil edir. Göründüyü kimi 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib”.