Bakıda orta aylıq əməkhaqqı 9,9 faiz artıb

04 noyabr 2023 23:31
376

Sənayenin inkişafı haqqında

2023-cü ilin yanvar-sentyabr aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  45,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 79,7 faizi mədənçıxarma, 17,6  faizi emal, 2,0  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

 Sənayedə qeyri-dövlət sektorunun  payı 87,0 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  91,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,1 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 oktyabr 2023-cü il vəziyyətinə 418,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 48,4 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2023-cü ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,5 faizini əsaslı təmir, 7,1 faizini cari təmir,  4,6 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 90,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2023-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,8 faiz artaraq 23671,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 13886,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,9 faiz artaraq 9785,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai iaşə

2023-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4 faiz artaraq 1018,3 milyon manat olmuşdur.

Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19,0 faiz artaraq 588,8 milyon manat olmuşdur.

Ödənişli xidmətlər haqqında

2023-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 4960,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3920,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 79,0 faizini təşkil etmişdir.   

Əməkhaqqı

2023-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1174,7 manat təşkil etmişdir.  

Bakı şəhər Statistika İdarəsi