17 noyabr 2023 11:25
228

Nazir müavini: Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün şərait yaradılıb

Son 20 ildə Azərbaycanda mühüm infrastruktur layihələri icra edilib və ölkəmizin beynəlxalq logistika mərkəzinə çevrilməsi üçün şərait yaradılıb.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən gün Zəngilan şəhərində işə başlamış və bu gün işini Bakıda davam etdirən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda bildirib.

"Azərbaycan hökuməti həmişə ölkənin əlverişli coğrafi mövqeyindən maksimum istifadə etməyə, regionun ölkələri arasında ticarət, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə çalışıb və bu gün də bu istiqamətdə səylərini davam etdirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması üçün tapşırıqlar verilib və bu istiqamətdə müvafiq işlər görülür. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin buraxılış gücünün artırılması üçün işlər aparılır. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" böyük donanmaya malikdir və beynəlxalq sularda donanmasını aktiv şəkildə genişləndirir", - deyə o qeyd edib.