06 dekabr 2023 15:42
458

Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında ərzaq təhlükəsizliyinin təmin edilməsi müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindakı hesabında bildirib.

"FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə keçirdiyimiz görüşdə BMT-nin ölkəmizlə bir çox sahələrdə səmərəli əməkdaşlığının həyata keçirildiyini vurğuladıq. FAO ilə Azərbaycan arasında tərəfdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi barədə danışdıq", - deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, iqtisadiyyat naziri Azərbaycan və FAO arasında səmərəli tərəfdaşlığın iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən kənd təsərrüfatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resursların səmərəli idarə edilməsinə töhfə verdiyini vurğulayıb. O, qeyd edib ki, birgə həyata keçirilən layihələr kənd yerlərinə sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılmasına, aqrar məşğulluğun artmasına təkan verir.

M.N.Hayat Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri olduğunu bildirib. Qurum rəsmisi digər sahələr üzrə birgə proqramların reallaşdırılması, o cümlədən kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, qarşılıqlı işbirliyinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər FAO ilə Azərbaycan arasında əməkdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmini və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.