“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Almaniyanın Köln şəhərində keçirilən “PMRExpo” ən miqyaslı beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər.
“İki sahil” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, dünyanın bu sahədə aparıcı şirkətlərinin mobil rabitə, dispetçer idarəetmə sistemi və avadanlıqlarının nümayiş olunduğu sərgidə Bakı metrosunun mütəxəssisləri İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədovun rəhbərliyi ilə 3 gün ərzində yeniliklərlə tanış olub. Nümayəndə heyəti metro idarəetməsində rabitə texnologiyalarının xüsusi sürətlə tətbiq edildiyi dövrdə təhlükəsiz və peşəkər radio-rabitə kontekstində müasir sistemlərin, telekommunikasiya sahəsində yeni tendensiyaların tətbiqinə xüsusi diqqət ayırıblar.
Bakı metrosunun xüsusiyyətləri, mövcud texnoloji bazası əsasında yeni sistem və qurğuların tətbiqi ilə əlaqədar aparıcı şirkətlərin mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb. E.Məmmədov sərgidə radio-rabitə, radiosiqnal kabeli, səsyazma sistemi, şəbəkə texnologiyası, antena qurğuları və s. texnoloji yeniliklər barədə müfəssəl praktiki informasiyaların nümayiş etdirildiyini və bunun Bakı metropoliteninin perspektiv planları baxımından çox faydalı olduğunu bildirib. O, bu texnologiyaların Bakı metropolitenində tətbiqinin real olduğu və mərhələli keçid imkanlarının mövcud texnoloji inkişaf sayəsində genişləndirilməsinin mümkünlüyü qənaətindədir.
Son illər Bakı metrosunda, xüsusən Bənövşəyi xətdə həyata keçirilən layihələrdə bu texnoloji innovasiyalar xüsusi yer alır. SCADA idarəetməsi, Tetra radiorabitəsi, işarəvermə qurğularında informasiya-kommunikasiya sistemlərindən istifadə olunması, gələcəkdə qatarların hərəkətinin radiodalğalarla idarə edilməsi nəzərdə tutulduğundan dünya radiorabitə və telekommunikasiya sahəsində sürətlə inkişaf edən yeniliklərin təqib edilməsi dövrün xüsusi tələbidir.
Sərgidə toplanılmış məlumatların metropoliten rəhbərliyi və mütəxəssis heyəti ilə birgə öyrənilməsinə və texniki təhlillərinə başlanılıb.