14 dekabr 2023 02:37
511

Xəzərdən “Qoca qitə”yə enerji axını...

Bu gün regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq dövlətlərə və beynəlxalq təşkilatlara əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir.

Enerji sektoru Azərbaycan – Avropa İttifaqı (Aİ) əməkdaşlığının ən mühüm istiqamətini təşkil edir. Quruda və dənizdə zəngin resurslara malik olan Azərbaycanın Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Əgər enerji əməkdaşlığının birinci mərhələsində respublikamız “qoca qitə”yə yalnız xam neft və neft məhsulları tədarük edirdisə, indiki mərhələdə Avropaya enerji ixracına  qaz seqmenti də əlavə olunub. Bu gün Azərbaycan “qoca qitə”nin “mavi yanacağ”a artan tələbatını əhəmiyyətli dərəcədə qarşılamağa hazır olan ölkə qismində çıxış edir. Hazırda ölkəmiz Avropa üçün yeni və etibarlı mənbə sayılır. Ölkəmizin bu sahədə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu ilin birinci rübünün yekunlarına görə, respublikamız Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk beşliyə daxil olub. Bu barədə Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyəti ilə bağlı rüblük hesabatında bildirilib.

Ötən ilin payızında açıqlanan Avropa İttifaqının ümumi maraq layihələrinin “Beşinci Siyahısı”na daxil edilən 20 qaz layihəsinin 3-ü Azərbaycan qazı ilə bağlıdır. Bu, Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) əlavə, Rumıniya–Macarıstan dəhlizində (ROHU/BRUA) klasterin tutumunun artırılması layihəsi və Bolqarıstan–Serbiya İnterkonnektorudur. Bu layihələr adları çəkilən ölkələrə Azərbaycan təbii qazına çıxış imkanı verəcək.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın Aİ bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetrə çatacaq. Eyni zamanda, 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi isə təxminən 24 milyard kubmetr təşkil edəcək. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetrə çatırdı.

Hazırda Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Belə ki, Serbiya gələn ildən Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır. Qaz tədarükünü Serbiyanı Bolqarıstanla birləşdirəcək Niş–Dimitrovqrad qaz kəməri sayəsində artırmaq mümkün olacaq. Aİ Bakıya böyük ümidlərlə baxır. Azərbaycanın isə Avropaya qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatları var. Ölkəmizdə təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da kifayət qədər böyük həcmdir.

Prezident İlham Əliyev dekabrın 10-da Serbiyanın Niş şəhərində keçirilən Serbiya–Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında interkonnektorun fəaliyyətinin Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyinə əminliyini bildirərək bu infrastrukturun, eyni zamanda, Azərbaycanın qaz ixracı coğrafiyasını daha da genişləndirəcəyini vurğulayıb.

Dövlətimizin başçısı hazırda respublikamızdan “mavi yanacağ”ın 8 ölkəyə ixrac edildiyini, Serbiyanın isə 9-cu ölkə olduğunu diqqətə çatdırıb. Azərbaycan lideri çıxışında həmin sırada 7 Avropa ölkəsinin dayandığına işarə edərək interkonnektorun fəaliyyətə başlamasının Avropanın enerji təhlükəsizliyində də önəmli rol oynayacağını bildirib.

Mərasimdə keçən il Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması və həmin sənədin hazırda uğurla icra edildiyi xatırladılaraq ölkəmizin 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmaq öhdəliyi götürdüyü də diqqətə çatdırılıb. Eyni zamanda, hazırkı mövcud göstəricilərlə bu hədəfə doğru inamla gedildiyi vurğulanıb. Belə ki, əgər 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdusa, cari ilin sonunadək bu göstəricinin təxminən 12 milyard kubmetrə çatacağı, bunun isə respublikamızın ümumi qaz ixracının 50 faizini təşkil edəcəyi xatırladılıb.

Prezident İlham Əliyevin mərasimdə bildirdiyi kimi, Azərbaycan tərəfinin irəli sürdüyü və icra etdiyi layihələr Avropa və Avrasiyanın enerji xəritəsini böyük dərəcədə dəyişir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa neft kəmərləri ilə Azərbaycan neftinin Aralıq dənizi və Qara dəniz bazarlarına çatdırılması, Cənub Qaz Dəhlizi kimi uzunluğu 3 min 500 kilometr olan nəhəng infrastruktur layihəsinin Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verməsi kimi məsələlər bu fikrin bariz ifadəsidir. Məhz elə buna görə də Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri tərəfindən Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir.

Nigar Orucova, “İki sahil”