Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin etməkdədir. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək immunitetinin təmin edilməsi və bu böhranların mənfi təsirlərinin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığı ilə izah olunur. Bu inkişaf modelinin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı dayanır. Sosial sahədə həyata keçirilən siyasət yeni mərhələdə sistemli şəkildə davam etdirilir.
Ölkənin sosial-iqtisadi sferasında əldə edilən nailiyyətlər dəqiq göstəricilər və rəqəmlərlə ifadə edilə bilər. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artıb. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Ölkəmizin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib. 2002-ci il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7faizdən 5,5 faizə enib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.
Paytaxtla regionlar arasında fərq azalır
Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrdə infrastrukturun yenilənməsində, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir.
Ümumilikdə 4 Dövlət Proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Otən ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb.
Özəl sektor iqtisadiyyatda həlledici mövqeyə yüksəlib
Məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 83,5 faiz, məşğulluqda payı isə 78 faizə yaxındır.
Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir. KOB-ların iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. Bir sıra şəhər və rayonlarda sahibkarlara yerində xidmət göstərən "KOB dostu" ofislərinin, biznes biliklərinin artırılmasına dəstək olan KOB inkişaf mərkəzlərinin, sahibkarlara vahid məkanda dövlət və özəl xidmətlərin göstərildiyi "KOB evləri"nin fəaliyyəti, KOB-lara təhsil, elm, tədqiqat və dəstək sahələrində qrantın verilməsi, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılmasına, ticarət şəbəkələrinə və sərgilərə çıxışa dəstək mexanizmləri buna misal ola bilər.
Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması, səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi də özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası, "ağıllı biznes" modellərinin yaradılması kimi məsələlər əsas hədəflərdəndir. Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticəsi beynəlxalq hesabatlarda qeyd olunur. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi" hesabatında ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yer alıb, həmçinin Cənubi Qafqaz regionunda birinci olub. Bu hesabatda "biznesin dinamikliyi" üzrə Azərbaycan 8 pillə irəliləyərək dünya sıralamasında 23-cü yerdə qərarlaşıb ki, bununla ölkəmizin biznes mühitinin inkişafı istiqamətində apardığı intensiv islahatlar bir daha təsdiqini tapır.
Sevinc Azadi, “İki sahil”