22 dekabr 2023 12:36
268

Bakı metrosu “İntermetro” beynəlxalq elmi-praktiki konfransına qatılıb

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Rusiyanın paytaxtı Moskvada keçirilmiş ənənəvi “İntermetro” beynəlxalq elmi-praktiki konfransında və sərgisində iştirak ediblər.

"İki sahil" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

İstismar üzrə baş mühəndis Azad Mustafayevin və “Bakımetrolayihə” institutunun şöbə rəisi Edqar Məmmədovun qatıldığı bu tədbir “Yeni texnologiyaların intensiv tətbiqi dövründə rels nəqliyyatının inkişafının perspektivləri”nə həsr olunub. İki ildə bir dəfə keçirilən konfrans 10 ildən artıqdır ki, beynəlxalq səviyyədə metropoliten xidmətləri, MDB ölkələrində dəmir yolu nəqliyyatı rəhbərləri, layihəçiləri, eləcə də dəmir yolu nəqliyyatı üçün istehsalla məşğul olan qurumları bir araya toplayan və texniki yeniliklərin, texnoloji innovativ həllərin təqdim olunduğu yeganə sərgidir.

Bakı metropoliteninin nümayəndələri proqrama əsasən əvvəlcə plenar iclasda, daha sonra isə əlaqədar mövzular üzrə təşkil olunmuş seksiyaların işində yaxından iştirak edərək fikir mübadiləsi aparıblar. Konfransın növbəti günlərində dəmir yolu nəqliyyatı və şirkətlərin rəhbərləri əməkdaşlığın inkişafı üçün strateji yolları özündə birləşdirən yekun müşavirələr keçirilib. Təcrübə mübadiləsi, tətbiq edilən yeniliklər və onların səmərəsi xüsusi müzakirə mövzusu olub.

Azərbaycan nümayəndə heyəti Moskva metrosunun bu il istifadəyə verilmiş “Nijeqorodskoye” elektrik deposunda və Kaluqa İqtisadi Zonasında olub. Depoda tətbiq edilən yeniliklərlə tanış olan Bakı metropoliteninin rəsmiləri rusiyalı həmkarları ilə müzakirələr aparıblar. A.Mustafayevin sözlərinə görə, kompozit şpalların istehsalı zavodunda istehsalatda istifadə edilən materiallar və istehsala buraxılan avadanlıqlarla tanışlıq və texniki müzakirələr kifayət qədər səmərəli olub. Bundan əlavə yeni depoda tətbiq edilən modelləşmə və müasir standartların tələblərinə uyğunlaşdırılma prosesi Bakı metrosunun elektrik depolarında həyata keçirilən layihələrin müqayisəli təhlili baxımından əhəmiyyətlidir.

Konfrans və sərgidə əldə olunmuş təcrübə metropolitenin texniki mütəxəssis heyətinin müzakirəsinə təqdim olunub.