Azərbaycan-Türkiyə İnvestisiya Forumunun daimi olması, hər il keçilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin rəhbəri Hüseyin Büyükfırat bildirib.
Onun sözlərinə görə, bununla da, tarixi dövr yaşayan türk birliyinə töhfə veriləcək.
“Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Lakin iş adamlarının üzərinə böyük vəzifələr düşür”, - deyə TÜİB rəsmisi qeyd edib.
H.Büyükfırat Azərbaycanın Qarabağ zəfəri ilə bölgədə yeni bir dövrün başladığını deyib: “Bölgədə yeni bir qapı açılıb.Türk dünyasını birləşdirən bir prosesə giririk”.
O əlavə edib ki, ilk Azərbaycan-Türkiyə İnvestisiya forumunda strateji qərarlar qəbul edilib.
Xatırladaq ki, dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak ediblər.
İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyib. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunub.