22 dekabr 2023 16:47
223

2030-cu ilədək evsiz qalacaq 3 mlrd. insanın yaşayış yeri ilə təmin olunması üçün 96 min mənzilin tikilməsinə ehtiyac var- BMT rəsmisi

Qlobal problemlərdə kompleks yanaşma çox önəmlidir. Yalnız bu yolla iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq mümkündür.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Maimunah Mohd Şərif ADA Universitetində “Davamlı və dayanıqlı şəhərlərin qurulması istiqamətində mövcud çətinliklər” mövzusunda çıxışı zamanı deyib.

2024-cü ildə Bakıda keçiriləcək COP-29 beynəlxalq tədbirində iqlim problemlərinin müzakirə olunacağını deyən Şərif qeyd edib ki, bu tədbirdə həmçinin gələcək şəhərlərin stresə davamlılığı da öyrəniləcək.

Şərif şəhərlərin müxtəlif istiqamətlərdə rolu, uğurundan, eyni zamanda da mənfi təsirlərindən də söz açıb, qeyd edib ki, enerjinin 70 faiz istifadəsi bu iri məskunlaşma mərkəzlərinin payına düşür: “Qeyd edim ki, enerji istifadəsinin 39 faizi tikintinin, 11 faizi isə tikinti materiallarının istehsalı prosesinin payına düşür”.

İnsanların evlə təminatının vacibliyini vurğulayan Şərif qeyd edib ki, 2030-cu ilədək evsiz qalacaq 3 milyard insanın yaşayış yeri ilə təmin olunması üçün 96 min mənzilin tikilməsinə ehtiyac var: “Ev, mənzil şəraiti yaradılmadan nəsə etmək mümkünsüzdür. COVID-19-da hər kəsə, evdə qalın, deyilirdi. Ev yoxsa, şəxs nə etməlidir? Bu pandemiya bir daha mövcud nöqsanları göstərdi”.

Azərbaycanın infrastrukturundan danışan Şərif bildirir ki, xüsusən də Bakıda suya əlçatanlıq təmin olunub: “Lakin Azərbaycandan fərqli olaraq Afrika kimi ölkələrdə su əldə etmək üçün böyük növbə var”.

Qeyd edək ki, Maimunah Mohd Şərif bunadək Malayziyada şəhər meri vəzifəsində çalışıb.

Qeyd edək ki, 2026-ci ildə ilk dəfə olaraq Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edərək dünyanın paytaxtına çevriləcək.