28 dekabr 2023 02:16
512

Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialı

Ölkəmizin daxili su ehtiyatlarının təxminən 25 faizinin  formalaşdığı bu ərazilər həmçinin 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir

Son dövrlər dünyada enerjiyə artan tələbat və enerji çatışmazlığı "yaşıl enerji" məsələsinin aktuallığını daha da artırmışdır. Bu mənada Azərbaycan bir sıra dövlətlərin maraq dairəsindədir. Çünki ölkəmiz enerji ehtiyatlarına və potensialına görə zəngindir. Dünyanın enerjiyə olan tələbatını və təbii ki, öz potensialını nəzərə alan ölkəmiz "yaşıl enerji" sahəsindəki məqsəd və planlarını hazırkı tələbata uyğun olaraq həyata keçirir. Elə bu səbəbdən də Azərbaycanla tərəfdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Enerji ehtiyatları ilə zəngin bölgələrimizdən biri də işğaldan azad edilmiş Qarabağ ərazisidir. Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə isə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dan sonra ikinci yerdədir. Azərbaycanın ən günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır. Gələcəkdə burada da günəş enerjisindən və digər bərpaolunan enerji mənbələrindən istifadə nəzərdə tutulur. Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Təbii ki, bunlar ilkin qiymətləndirmələrdir.

Azərbaycanda “yaşıl enerji” istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Hələ 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə olunması məqsədilə atılan ilk addımlardandır. Bu vacib sahədə görülən işlərin davamı kimi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il sentyabrın 22-də 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmışdır. 2022-ci il dekabırın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Yaşıl enerji” üzrə saziş imzalanıb. Sazişə əsasən, 4 ölkənin - Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın milli və regional enerji təhlükəsizliyi, Qara dəniz hövzəsində əlaqələrin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi, Xəzər regionunun bərpaolunan enerji potensialından istifadə və ölkələrin enerji istehlakında bərpaolunan enerjinin payının artırılması nəzərdə tutulur. Hazırda ölkəmiz neft və qaz ehtiyatlarından sonra enerji potensialına görə mühüm tərəfdaş kimi Avropanın diqqət mərkəzindədir.

Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Çinin "Gezhouba Group" şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" layihələrinə investisiya yatırmaqda maraqlıdırlar. Yerli və xarici investisiya hesabına yeni zavod və fabriklərin, o cümlədən turizm infrastrukturunun yaradılması nəzərdə tutulur. İlkin olaraq bölgənin inkişafı üçün yerli investisiya proqramları həyata keçirilir. Gələcəkdə məskunlaşma başa çatdıqdan sonra investisiya mühitini tam şərtləndirən amillərin təmin edilməsi nəticəsində daha böyük həcmdə xarici investisiya gəlməyə başlayacaq. Yaponiya, Böyük Britaniya, İsrail və Avropanın bir sıra ölkələri Qarabağa investisiya yatırmağı düşünürlər.

Energetika nazirinin müavini Elnur Soltanov mətbuata açıqlamasında qeyd edib ki, Qarabağda istehlak ediləcək bütün elektrik enerjisi yaşıl mənbəli olacaq. Bu istiqamətdə bp və digər şirkətlərlə birgə fəaliyyət davam etdirilir: "Bütün işlər ölkə Prezidentinin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində həyata keçirilir və bu barədə 5 illik Tədbirlər Planı artıq hazırdır. Bizim Azərbaycanı "yaşıl enerji" məkanına çevirmək öhdəliyimiz var. Bu "yaşıl enerji" məkanında Qarabağ ayrıca "yaşıl enerji" zonası olmalıdır. Bu, sənədlərdə olan məsələdir və ona Böyük Qayıdış Proqramı çərçivəsində baxılır. Bu, Prezidentin frazasıdır. Azərbaycan üçün Qarabağ bir tacdırsa, Şuşa bu tacdakı ən parlaq qaşdır. Biz də məsələyə bu şəkildə baxırıq. Qarabağ üzrə "yaşıl enerji" zonasının tədbirlər planı Yaponiyanın “Tepsko” şirkətini cəlb etməklə hazırlanıb".

E.Soltanov Şuşa ilə bağlı bir neçə məqama toxunub: "Birincisi, Qarabağda ən kritik 110 kilovoltluq yarımstansiyalardan biri Şuşada tikildi və bu, ilk istismara verilən yarımstansiyalardan oldu. Xankəndi də məhz həmin stansiyadan qidalandı. İkincisi, Şuşada yaşıl enerji zonası mövzusunu hazırlayanda təbii qazdan minimum istifadə konsepti üzərində çalışırdıq. Yekunda tamamilə qazsız versiya da mövcud idi, amma bu, çox bahalı olduğuna görə məhdud ölçüdə qazdan istifadə nəzərdə tutuldu. Amma Şuşanın ayrılıqda qazsız olmasına son anda qərar verildi. Biz çalışdıq ki, şəhər ümumiyyətlə təbii qazsız olsun. Şuşa barəsində ən son qərar verdiyimiz şəhər oldu. Üçüncüsü, biz bütün Qarabağda çalışırıq ki, isitmə sistemi mərkəzi olsun. İlk mərkəzi isitmə sistemlərini isə Şuşada qurduq".

Onun sözlərinə görə, hazırda paylama şəbəkələri elektrik enerjisində ən çox itki olan sahədir: "Azərbaycanda ilk dəfə Şuşada 35 kilovoltluq gərginlikdən birbaşa 4-ə enən sistem quruldu. Bu, dünyada ən effektiv paylama sistemlərindən sayılır. Hazırda proses davam edir. Şuşa şəhərinin istilik mühafizə qaydaları da artıq hazırlanıb".

Sevinc Azadi, “İki sahil”