Heç kimə sirr deyil ki, çoxumuz telefonlarımızdan asılı vəziyyətdə yaşayırıq. Sosial mediada “gəzərək”, uzun müddətdə depressiya və narahatlığa səbəb olan saxta həyatlara “tamaşa etmiş” oluruq.
Yeni araşdırmalara görə, bir həftə müddətində sosial mediaya ara vermək depressiya və narahatlığı azalda bilər.
“Bath” Universitetinin araşdırmasına görə, yeddi gün ərzində “TikTok”, “Instagram”, “Twitter” və “Facebook” kimi platformalara fasilə verən insanlar əhval-ruhiyyələrinin artdığını bildiriblər.
Tədqiqatçılar 18-72 yaş arasında olan 154 nəfərdən ibarət könüllünü iki qrupa bölmüşdü. Qruplardan birinə sosial media qadağası qoyulmamışdı, digərinə isə qadağan idi. İştirakçılar orta hesabla həftədə səkkiz saat sosial mediadan istifadə ediblər.
Onların arasında üç tanınmış testdən istifadə edilərək, narahatlıq və depressiyanın əsas səviyyələri və əhval-ruhiyyə ilə bağlı sorğu aparılıb.
Depressiyanı ölçmək üçün iştirakçılara “Son iki həftə ərzində nə qədər tez-tez nə isə etməyə az maraq və ya etdiyiniz işdən həzz almamaq hissini yaşamısınız” kimi suallar verilib.
Narahatlıq ümumi narahatlıq pozğunluğu şkalasından istifadə edərək izlənilib. Sosial mediaya bir həftəlik fasilə verənlər Uorvik-Edinburq Psixi Sağlamlıq Şkalasında əhval-ruhiyyə səviyyələrinin orta hesabla 46-dan 55,93-ə yüksəldiyini görüblər. Bu qrupda depressiya səviyyəsi anketdə 7,46-dan 4,84-ə, narahatlıq isə şkala üzrə 6,92-dən 5,94-ə düşüb.
Universitetin Sağlamlıq Departamentindən olan aparıcı müəllif, doktor Ceff Lambert dəyişikliklərin depressiya və əhvalda orta dərəcədə yaxşılaşma olduğunu söyləyib. "İştirakçılarımızın bir çoxu sosial mediadan kənarda olmağın müsbət təsirlər göstərdiyini bildirdi. Bu, əhval-ruhiyyənin yaxşılaşması və ümumilikdə daha az narahatlıq deməkdir. Demək, hətta kiçik bir fasilə belə müsbət təsir göstərə bilir”, -deyə müəllif bildirib. "Əlbəttə, sosial media həyatın bir hissəsidir və bir çox insan üçün ünsiyyətin əvəzedilməz hissəsidir. Ancaq hər həftə buna saatlar sərf edirsinizsə və bunun sizə mənfi təsir etdiyini hiss edirsinizsə, istifadəni azaltmaq yaxşı olar”, -deyə o vurğulayıb.
Nubar Süleymanova, “İki sahil”