Qarabağ və Şərqi Zəngəzurun çayları, su anbarları hesabına hidroehtiyatlarımız xeyli artıb
Xəbər verildiyi kimi, dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmir və bərpası aparılıb. Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.
Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.
Bəs, Xaçınçay su anbarının iqtisadi-ekoloji potensialı nədən ibarətdir?
Barbarcasına istismar edilmiş, baxımsız vəziyyətə salınmışdı

Mövzunu “İki sahil”ə şərh edən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli bildirdi ki, 30 illik işğal dönəmində ermənilər ölkəmizin ekosisteminə, ən çox meşə və su resurslarına qarşı kəskin ekoterror həyata keçiriblər. Transərhəd çaylarının bir çoxu tamamilə çirkləndirilib. Xain qonşular hətta işğaldan sonra da çaylarımızı dağ-mədən sənayesinin çirkli tullantıları ilə zəhərləyiblər. İşğal dövründə ən çox çirkləndirilən çaylardan biri də məhz Xaçınçaydır. Ermənilər qış mövsümündə Xaçınçay və Sərsəng su anbarından suyu açıb buraxırdılar. Bununla da azərbaycanlıların əkin sahələrini su basır, mülki infrastruktur sahələrinə külli miqdarda ziyan dəyirdi. Bu ərazilər azad olunandan sonra minalardan təmizləndi. Bədnam qonşularımız işğal dönəmində Qarabağın su resurslarını barbarcasına istismar etmiş, heç bir təmir-bərpa işləri aparmamışdılar. Xaçınçay və Sərsəng su anbarları da baxımsız vəziyyətdə qalmışdı. Hiderotexniki qurğular köhnəlmiş, su anbarının bəndləri aşınmış, bəzi yerlərdən sızıntılar olmuşdu.
Ağıllı idarəçilik tətbiq olunsa...

Ekspert qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurun çayları, su anbarları hesabına hidroehtiyatlarımız xeyli artıb. Bundan sonra ağıllı idarəçilik həyata keçirilməli, hidroehtiyatlardan səmərəli istifadə olunmalıdır. Son iki ildə Xaçınçayda ciddi bərpa işləri görülüb. Yenicə təmirdən çıxmış sözügedən su anbarı bu günlərdə dövlət başçısının Qarabağa səfəri zamanı istifadəyə verilib. Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb. Yeri gəlmişkən, Azərbaycanda Sovet dönəmində çəkilmiş su kanallarının böyük hissəsi səthi torpaqların üzərindədir. Bu kanallarla suyun daşınması ciddi itkilərə səbəb olur. Yeni kanalın səthi isə betondan qurulub. Bu da daşınma zamanı suyun itkiyə getməsinin qarşısını alacaq.
Qeyd edək ki, Xaçınçay su anbarı əkin sahələrinin suvarılması üçün hidroehtiyatların təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən 1964-cü ildə istismara verilib. Anbardan Sovet dönəmində meliorasiya məqsədləri üçün istifadə edilir, eyni zamanda, Ağdam şəhəri və ətrafdakı yaşayış məntəqələrinin su ehtiyacı ödənilirdi. Azərbaycan su resursları az olan ölkələrdəndir.
Meşə massivləri artacaq, quraq ərazilər dirçələcək

Dünya qlobal su böhranı, su qıtlığı ilə üz-üzədir. Əhalinin artması, son illər yağıntıların azalması ölkəmizdə də içməli su ehtiyatlarının azalmasına səbəb olub. Bundan başqa, bizim içməli hidroehtiyatlarımızı formalaşdıran Kür, Araz, Qanıxçay və Samur transərhəd çaylarıdır. Bu çaylardan keçdikləri ölkələrin ərazisində suvarmada istifadə olunur. Bu üzdən sözügedən çaylarda suyun səviyyəsi xeyli azalıb. Belə bir vaxtda Sərsəng, Suqovuşan, Xaçınçay kimi su anbarlarının ərazilərimizin azad olunmasından sonra nəzarətimizə keçməsi və yenidən istismara verilməsi olduqca əhəmiyyətlidir. Hazırda Xaçınçay vasitəsilə Ağdamın Qərvənd, Xındırıstan kimi kəndlərinin 2 min hektara yaxın əkin sahəsi suvarılır. Yaxın gələcəkdə Quzanlı kəndi də bu su anbarından istifadə edəcək. Ümumilikdə, Xaçınçay su anbarı vasitəsilə 8 min hektara yaxın əkin sahəsinin suvarılması nəzərdə tutulur. Xaçınçayda suyun artması ətrafda meşə massivlərinin, quraqlıqdan əziyyət çəkən əkin sahələrinin canlanmasına, məhsuldarlığının artmasına səbəb olacaq.
Cavid Əkbərov, “İki sahil”
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb