07 yanvar 2024 15:29
347

Müdafiə nazirinin sabiq müavini 15 milyon manat mənimsəmədə təqsirləndirilir

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

“İki sahil” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.

İttihama münasibət bildirən şirkət əməkdaşları özlərini təqsirli bilməyib.

Fuad Məmmədovun oğlu bu iş üzrə hüquqi varis kimi tanınıb. O da ittihama münasibət bildirən zaman atasının təqsirsiz olduğunu deyib və atasıyla bağlı hissədə cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən əmlakları üzərinə də həbs qoyulub.

Qeyd edək ki,  mərhum general F.Məmmədovla bağlı qısa araşdırma apardıq. Əldə etdiyimiz məlumata əsasən 2018-2020-ci illərdə müdafiə nazirinin müavini - maddi-texniki təminat  baş idarəsinin rəisi vəzifəsində xidmət edən və işində yol verdiyi nöqsanlara görə 08 iyul 2020-ci il tarixində müdafiə nazirinin vəsatəti ilə tutduğu vəzifəsindən azad edilən general-leytenant Fuad Məmmədov bir müddət sonra, 10 avqust 2020-ci ildə  kardiogen şok diaqnozu ilə 52 yaşında vəfat etmişdir.

Cinayət işi üzrə məhkəmə araşdırması davam edir.