Dünyada ənənəvi media qarşısında böyük bir çağırış var. O çağırış da sosial medianın çox böyük sürətlə inkişafı ilə bağlıdır.
Bunu İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov "Real TV"də yayımlanan Media Masası proqramında deyib.
"Uzun illər televiziya və ənənəvi medianın bir monopoliyası var idi. Bu gün isə artıq o monopoliya yoxdur və televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir, çünki ənənəvi olaraq tamaşaçı televiziyalara etibar edir",- deyə B. Qasımov bildirib.
İTV rəhbəri özünün də televiziya verilişlərini sosial media üzərindən izlədiyini bildirib.
O, AZERTAC, Report və Apa kimi informasiya agentliklərinin xəbər yayımında televiziyaları qabaqladığını da vurğulayıb.
"Həm ona görə ki, onlar daha çevikdir, həm də etimad qazanılıblar", - B. Qasımov qabardıb.
Onun fikrincə, ənənəvi televiziya formatı artıq özünün son onilliyini yaşayır: "Bu, tək Azərbaycan televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya Titanik gəmisi kimi batır. İndi iki yol var, ya Titanikdəki orkestr kimi gəminin batdığını bilə bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq".
İTV rəhbəri çıxış yolunu televiziyaların rəqəmsal transformasiyasında görür.
"Bizim növbəti bir neçə illik planımız ondan ibarətdir ki, öz platformamız üzərində işləyirik. O platformanın biri xəbəryönümlü, digəri əyləncəli olacaq", - B. Qasımov bildirib.
"Report"