2024-cü ilin ilk günündən etibarən bir sıra sosial ödənişlərdə yeni artımlar hesablanacaq. Belə ki, yanvar ayından başlayaraq indeksasiya sisteminə uyğun olaraq pensiyalarda artımların hesablanması həyata keçiriləcək.
Yeni ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım faizinə uyğunlaşdırılacaq. Belə ki, ötən ilin geridə qalan aylarında orta aylıq əməkhaqqında 11,3% artım qeydə alınıb. Bu, o deməkdir ki, mövcud tendensiya davam edəcəyi halda, 2024-cü ilin yanvarında pensiyalar orta hesabla 11% artırılacaq. Artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək. Yəni məbləğdən asılı olmayaraq əmək pensiyası alan vətəndaşlarımızın pensiyasının gələn aydan etibarən 11% artırılacağı gözlənilir.
Vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir. Hər bir pensiyaçı öz pensiyasındakı artımları asanlıqla hesablaya bilər. Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. İndeksasiya ilə artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır. Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 55 manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq. Beləliklə, yanvar ayından qalan 55 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş fevral ayında 555 manat deyil, 610 manat pensiya alacaq. Mart ayında isə 555 manat artırılmış pensiyanı almağa davam edəcək.
Sosial yardımlara gəldikdə isə, 1 yanvardan etibarən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn yeni ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.
Məsələn, ailənin 5 üzvü varsa, həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Ötən il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyarı, yəni xərc hesablanırdı. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat - 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o, proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım alırdı. Amma bu rəqəm bu ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı yeni ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat - 800 manat) olur.
Minimum əmək haqqına gəldikdə isə, bu artımlar isə büdcə paketi ilə deyil, il ərzində dövlət başçısının imzaladığı sərəncamlarla reallaşır. Son illər mütəmadi olaraq minimum əməkhaqqı artıb. Bunlar isə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır. 2024-cü ildə minimum əməkhaqqı məbləğinin fiskal gəlirlərimizdən asılı olacağı gözlənilir. Cari ilin büdcəsində ümumi xərclərin 45%-ni sosial xərclər təşkil etdiyindən sosial paketin genişlənmə imkanları yüksəkdir.
Cavid Əkbərov, “İki sahil”