09 yanvar 2024 00:57
369

Sahibkarlıq subyektləri necə yoxlanılacaq?

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Müəyyən yoxlamalar istisna olmaqla, digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq. Müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi, maliyyə bazarları sahəsində, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar aparıla bilər. Həmçinin yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər.

Digər mühüm məqam qanunvericiliyə daha öncə edilən dəyişikliyə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək. Bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.

Yeni ildə manatın məzənnəsi dəyişə bilərmi?

Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Sənədin təhlili göstərir ki, Yeni ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılıb. Aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Digər tərəfdən, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır. İnflyasiya proseslərinin idarə edilməsi üzrə mühüm rolu olan Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək.

Sənəddən göründüyü kimi, bu il də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bu, isə o deməkdir ki, Yeni ildə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Bu gəlirlər vergidən azad edilib

Bu ilin ilk günündən etibarən “ƏDV geri al” mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşib və hüquqi baza formalaşdırılıb. Bu da həmin gəlirlərin vergidən azad edilməsini Vergi Məcəlləsi ilə tənzimləyir. Artıq heç bir halda bu gəlirlər vergiyə cəlb edilməyəcək.

ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır. Həmçinin işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər isə 5%-i geri qaytarılır.

Cavid Əkbərov, “İki sahil”