Yeni il tətillindən sonra ofisə qayıtmaq orqanizm üçün çətin bir sınaq ola bilər. Tətildən sonrakı dövrdə xəstələnmə nisbəti tez-tez artır və iş ofisləri virus və bakteriyaların yayılması üçün mərkəzlərə çevrilir. Xəstəliklərin qarşısını almaq və immuniteti qorumaq üçün hansı tədbirlərin görülə biləcəyi "Rossiya" telekanalında "Ən vacibi haqqında" verilişində müzakirə edilib.
Doktor Tatyana Şapovalenko və Natella Payqanova ofis mühitində infeksiyaya yoluxma riskini minimuma endirmək və sağlamlığı qorumaq üçün bəzi məsləhətlər veriblər.
Balanslaşdırılmış pəhriz və içkilər
Spirtli içkilərin və zərərli yeməklərin mənfi təsirlərinin qarşısını almaq üçün sağlam pəhrizə riayət etmək və mütəmadi olaraq su içmək tövsiyə olunur. Pəhrizinizə tərəvəz və meyvələri, məsələn, kərəviz və yerkökü daxil etmək vacibdir - onlar bağırsağın funksiyasını yaxşılaşdırmağa və sağlam immunitet sistemini saxlamağa kömək edən liflərlə zəngindir.
İş yerinin gigiyenası
Ofis masası və iş yeri virus infeksiyası yuvasına çevrilə bilər. Antiseptik vasitələrdən və nəm salfetlərdən istifadə etmək, həmçinin havanın müntəzəm nəmləndirilməsini təmin etmək tövsiyə olunur. Nəmləndiricilərlə yanaşı, otaq bitkiləri, məsələn, iynəyarpaqlılar da bu işi əla “bacarırlar”- fitonsidləri buraxırlar və oksigenin əmələ gəlməsini təşviq edirlər. Selikli qişaların nəmləndirilməsi yuxarı tənəffüs yollarının qorunmasına kömək edir.
İmmunitet sisteminin gücləndirilməsi
İmmuniteti qorumaq üçün onu aktivləşdirməyə və xəstəliklərə qarşı müqavimət göstərməyə kömək edən interferon induktorlarına diqqət yetirmək tövsiyə olunur. İnterferonlar hüceyrələri viral infeksiyalara daha az həssas edir və onların nüfuz və çoxalma riskini azaldır. İnterferon induktorları yalnız müalicə üçün deyil, həm də tənəffüs xəstəliklərinin qarşısının alınması üçün vacib bir vasitədir.
Ofisdə xəstə insan varsa, tibbi maska taxılmalı və şəxsi gigiyena qaydalarına əməl edilməlidir.
Nubar Süleymanova, “İki sahil”