11 yanvar 2024 00:08
350

Neft qiymətləri manatın məzənnəsinə necə təsir göstərir?

“Sosial tərəfdaş” layihəsi pensiyaçılara güzəşt və endirimlər vəd edir

Son 4 ildə Azərbaycanda aparılan islahatlar çərçivəsində minimum əməkhaqqının, minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri demək olar hər il artırılıb. Bundan sonra isə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq.

Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan “Sosial tərəfdaş” layihəsi DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir. Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq. Müxtəlif şirkətlərlə birgə icrasına başlanılan layihə dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır.

Ölkəmizdə özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.

Sosial siyasətin maliyyələşdirilməsində neftdən gələn gəlirlərdən düzgün istifadə edilməsi mühüm amillərin ən başlıcasıdır. Bu məsələlər kontektsində neftin dünya bazar qiyməti mühüm əhəmiyyət kəsb edir.

Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən “Brent” markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb. “Brent” markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir.

Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması üçün vacibdir. Bununla belə, hazırda qiymət 70 dolların üzərindədir və bu, o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət və müqayisədə neftin qiyməti hələlik yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Amma neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də təbii balansımızın vəziyyəti birbaşa dünya bazarında neftin qiymətindən asılı olacaq.

Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında da bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılıdır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır.

Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, neftin qiyməti kəskin azalacağı halda manatın məzənnəsinin taleyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Cavid Əkbərov, “İki sahil”