“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək burada 425,3 milyard kubmetr qaz hasil olunub.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 216,3 milyard kubmetr, “Şahdəniz”dən isə 209 milyard kubmetr qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 148,1 milyard kubmetri ixraca nəql edilib”, - məlumatda vurğulanır.
Ötən il üzrə təqdim edilmiş operativ məlumatlara əsasən, 2023-cü il ərzində respublikada 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,9 milyard kubmetri AÇG”, 26,2 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron”, 8,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,%, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
“Hesabat dövründə xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Avropaya 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub”, - məlumatda qeyd olunur.