12 yanvar 2024 11:00
312

Naxçıvanda ötən il 27 sahibkar güzəştli kredit alıb

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 27 sahibkar İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanıb.

"İki sahil" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, həmin iş adamlarının layihələrinin maliyyələşdirilməsinə ümumilikdə 2 milyon 205 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış layihələr muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, logistika, ictimai iaşə və akvakultura kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə biznes fəaliyyətlərini həyata keçirəcək. Layihələrin icrası nəticəsində 86 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Naxçıvandakı sahibkarlar ötən ilin fevral ayından Fondun güzəştli kreditlərindən yararlana bilir.