13 yanvar 2024 14:57
433

Azərbaycanda biznes subyektlərinin qiymətləndirilməsi təklif olunur

Azərbaycanda biznes subyektlərinin qiymətləndirilməsi vacibliyi zamanın tələbidir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Direktorlar Şurasının üzvü Nail Həşimov bu gün Bakıda "Hesabatlıq və Şəffaflıq Yeni dövrün çağırışları kontekstində" keçirilən forumda deyib.

"Müəssisənin biznes fəaliyyətinin qiymətləndirilməsi prosesi həm də biznesin inkişaf strategiyasının hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirilən obyekt sahibinin bazar dəyəri haqqında məlumatı varsa o, istehsal prosesini təkmilləşdirmək və biznesin bazar dəyərinin artırılmasına yönəlmiş tədbirlər kompleksini hazırlamaq imkanına malikdir".

N. Həşimov qeyd edib ki, biznesin dövri olaraq qiymətləndirilməsi idarəetmənin səmərəliliyini artıra və həmçinin şirkətin iflasının qarşısını ala bilər:

"Müvafiq təhlil zamanı əldə edilən nəticələrə əsaslanaraq, qiymətləndirmə investisiya fəaliyyətinin ənənəvi xərclərini azaltmaqla yanaşı, düzgün investisiya qərarının qəbul edilməsinə kömək edir. Beləliklə, bazar iqtisadiyyatı şəraitində müəssisənin biznes fəaliyyətinin qiymətləndirməsi səmərəli fəaliyyətin təmin edilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. O bir sıra mühüm funksiyaları yerinə yetirir".

O əlavə edib ki, ilk növbədə biznesin qiymətləndirilməsi anti-böhran idarəetmə prosesinin həyata keçirilməsini təmin edir, digər tərəfdən idarəetmə qərarlarının effektivliyini müəyyən etməyə imkan verir: "Bu sahədə bazar iştirakçıların hər biri üzərinə düşən məsuliyyəti dərk etməli və bu sahədə şəffaflığın təmin edilməsi üçün əlindən gələni əsirgəməməlidir".