18 yanvar 2024 15:19
344

Azərbaycanda güzəştli kreditlərin verilməsi prosesində mövcud vəziyyət müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları ilə güzəştli kreditlərin verilməsi prosesində mövcud vəziyyəti müzakirə edib.

Bu barədə "İki sahil"ə fonddan bildirilib.

Belə ki, Fond və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Onlayn görüşdə Fondun güzəştli kredit mexanizmi ilə bağlı 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb. Bununla yanaşı, güzəştli kreditlərin verilməsi ilə bağlı SİF-in tövsiyələri təqdim edilib. Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı çətinlikləri diqqətə çatdırılıb, cari məsələlər üzrə təkliflər dinlənilib.

Qeyd edək ki, ötən il SİF ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib. Verilmiş kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna verilib. Güzəştli maliyyələşmənin 72 %-i regionların, 28 %-i isə Bakı və Abşeronun payına düşüb. O cümlədən, işğaldan azad edilmiş ərazilərdə icra olunan 4 layihənin maliyyələşdirilməsinə 11,5 milyon manat kredit ayrılıb. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8 %-i, kreditin məbləği üzrə isə 91,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.