Demək olar ki, hər gün tərkibində ölümcül zəhərlər olan bitkilərdən hazırlanmış qidalar yeyirik. Çoxumuz inanırıq ki, meyvə və tərəvəzdən daha sağlam heç nə ola bilməz. Lakin bəzən onların içində ki gizli təhlükədən xəbərsiz oluruq. Təbii ki, çox vaxt narahat olmağa dəyməz, lakin insanların təsadüfən bitki və ya meyvənin zəhərli hissəsini yeyərək öldüyü hallar olub. Diqqət etməli olduğunuz meyvə və tərəvəzləri təqdim edirik.
Badam
Badam quru meyvə sayılır. Onun özünəməxsus dadı var və desertlərin və bəzi yeməklərin hazırlanmasında ən məşhur inqrediyentlərdən biridir.
Onun ən ətirli növü tərkibində zəhərli sianid olan acı badamdır. Bu səbəbdən zəhəri çıxarmaq üçün adətən acı badam emal edilir. Bundan əlavə, istilik də zəhəri məhv edir.
Bəzi ölkələrdə, məsələn, Yeni Zelandiyada acı badamın satışı qanunla qadağandır.
Keşu
Keşu keşu meyvəsindən və ya “alma”sından yetişən toxumdur. Mağazada satılan keşu çiy deyil və əvvəlcədən buxarla emal olunur. Bunun səbəbi çiy keşunun tərkibində zəhərli sarmaşıq bitkisində də ola bilən və allergiya əlamətlərinə səbəb olan urushiol adlı maddənin olmasıdır.
Böyük miqdarda urushiol istehlakı ölümcül ola bilər. Keşu ilə zəhərlənmə nadir olsa da, onun qabığını soyan işçilər tez-tez dəri qıcıqlanması kimi arzuolunmaz yan təsirlərlə qarşılaşırlar.
Albalı tumu
Albalı, eləcə də ərik, şaftalı və gavalı tumları özündə sianid ehtiva edir. Əgər toxumu çeynəsəniz, deşsəniz və ya başqa yolla zədələsəniz, özünüzü hidrogen sianidinə məruz qoymuş olarsınız.
Əlbəttə ki, bir neçə toxum udmaqla pis bir şey olmayacaq. Çünki bədənimiz müəyyən miqdarda sianid qəbul edə bilər. Lakin böyük miqdarda bu, təhlükəli ola bilər. Yüngül zəhərlənmənin simptomlarına baş ağrısı, başgicəllənmə, çaşqınlıq, narahatlıq və qusma daxildir. Böyük dozalarda tənəffüs çətinliyinə, qan təzyiqinin və ürək döyüntüsünün artmasına, böyrək çatışmazlığına, hətta ölümə səbəb ola bilər.
Qulançar
Qulançar, yeri gəlmişkən, zəhərli meyvə verən bir tərəvəzdir. Bu bitkinin adətən yarpaq, gövdə və ya kökü yeyilir. Onun meyvələri təhlükəlidir.
Qulançar xoş dadına və sidikqovucu xüsusiyyətinə görə qədim zamanlardan tərəvəz və dərman kimi istifadə edilir. Meyvəsi 6-10 mm diametrli kiçik qırmızı giləmeyvədir, insanlar üçün zəhərlidir.
Yaşıl pomidor
Əyləncəli fakt: ABŞ-da pomidor tərəvəz, dünyanın qalan hissəsində isə meyvə, daha doğrusu giləmeyvə sayılır. Buna səbəb meyvəyə yox, tərəvəzə vergi qoyulması olub. Pomidorun yarpaqları və gövdələrində həddindən artıq əsəbilik, baş ağrısı və mədə narahatlığına səbəb ola bilən qlikoalkaloid adlı maddə var. Yaşıl pomidorda da bu maddə müəyyən miqdarda olur, lakin adətən çox deyil.
Muskat qozu
Muskat qozunun tərkibində psixoaktiv maddə olan miristisin var. Bu maddənin çoxluğu qusma, tərləmə, başgicəllənmə, halüsinasiyalar və baş ağrısına səbəb ola bilər.
Bununla belə, narahat olmaq lazım deyil. Yeməkdə istifadə olunan miqdar bu simptomların heç birinə səbəb olmaq üçün kifayət deyil.
Göbələklər
Göbələk kommersiya məqsədilə yetişdirildiyi dünyanın bir çox ölkələrində delikates hesab olunur. Ancaq bildiyiniz kimi, zəhərli göbələklər ailəsi də var.
Bir çox insanlar zəhərli göbələklərin gövdəsində üzük, xoşagəlməz qoxu və parlaq rənglər kimi əlamətlər olduğuna inanırlar. Bununla belə, yeməli göbələyi zəhərli göbələkdən ayırmağın yeganə etibarlı yolu göbələkləri yaxşı bilmək və tanımaqdır.
Göbələk zəhərlənməsinin əlamətləri 1-2 saatdan sonra, bəzən 8-12 saatdan sonra görünə bilər və qarın ağrısı, qusma, ürəkbulanma və ishaldan ibarət olur. Zəif hazırlanmış və korlanmış yeməli göbələklərdən də zəhərlənə bilərsiniz.
Şokolad
Şokolad insanlar üçün zəhərli olmasa da, şokoladın tərkibində olan teobromin maddəsi itlər və pişiklər üçün təhlükəlidir. Cəmi 40 qram ciddi zəhərlənməyə səbəb ola bilər, ona görə də şokoladlı şirniyyatları ev heyvanlarınızın əli çatan yerdə qoymayın.
Şokoladın tərkibində olan teobrominin dozası mənfi təsirlərə səbəb ola bilməyəcək qədər kiçik olsa da, bəzi yaşlı insanlar şokoladı yaxşı qəbul etmirlər.
Yaşıl kartof
Kartof dünyada ən çox yayılmış tərəvəzlərdən biridir. Pomidor kimi, kartofun da gövdə və yarpaqlarında qlikoalkaloidlər var. Kök yumruları yaşıl rəngə çevrilməmiş və ya cücərməmiş halda yemək təhlükəsizdir.
Yaşıl kartofun tərkibində ultrabənövşəyi şüalara məruz qaldıqda əmələ gələn solanin var.
Böyük miqdarda solanin istehlak edildikdə, zəhərlənmə əlamətləri görünə bilər: ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ağır hallarda komaya və hətta ölümə səbəb olur. Buna görə kartofu sərin, qaranlıq yerdə saxlamaq lazımdır.
Alma tumları
Alma tumları kiçik dozalarda sianid ehtiva edir. Bununla belə, zəhərlənmə əlamətlərinin yaranması üçün çoxlu miqdarda toxum yeyilməlidir.
Təsadüfən bir neçə toxumu bütövlükdə udsanız, sağlamlığınıza heç bir təsir olmayacaq, çünki bədənimiz az miqdarda sianid qəbul edə bilər. Bununla belə, tumları çeynəmək onları daha təhlükəli edir, xüsusilə uşaqlar və ev heyvanları üçün bu maddənin daha kiçik bir dozası kifayətdir.
Nubar Süleymanova, “İki sahil”