Enerji içkiləri gənclərdə narahatlıq, stress, depressiya və intihar düşüncələri ilə əlaqələndirilib. Tələbələr üzərində aparılan yeni araşdırmaların nəticələri göstərib ki, enerji içkisi istehlakının tezliyi ilə müxtəlif yuxu parametrləri arasında möhkəm əlaqə var.
Araşdırmalara görə, enerji içkiləri gənc fərdlərdə yuxusuzluq və yuxu pozğunluğu yaradır. Mütəxəssislər hər gün bu içkilərdən istifadə edən 18-35 yaş arası gənclərin, ara-sıra içən və ya tamamilə imtina edənlərlə müqayisədə təxminən 30 dəqiqə daha az yuxu yatdıqlarını aşkar ediblər.
Kişilər arasında həftədə iki və ya üç dəfə istifadə edənlər gecə yarısından sonra yatmağa 35% daha çox, 6 saatdan az yatmağa 52% daha çox meyillidirlər və onlarda gecə oyanma ehtimalı 60% daha çoxdur.
Qadınlar üçün gecə yarısından sonra yatmaq ehtimalı 20%, altı saatdan az yatmaq 58% və gecə oyanmaq ehtimalı 24% daha yüksək olub.
Enerji içkiləri özündə yüksək səviyyədə kofein və şəkər ehtiva edir və insanlara enerji artımı təmin etmək adı ilə satılır. Lakin onların narahatlıq, stress və intihar düşüncələri ilə əlaqəsi gənclərə və uşaqlara enerji içkilərinin satışının qadağan edilməsi çağırışlarına səbəb olub. “BMJ Open” jurnalında dərc olunan və 53266 norveçli tələbənin üzərindəki təcrübələrə əsaslanan son araşdırma içkilərin gənclər arasında olduqca populyar olduğunu göstərib.
Tədqiqatda iştirak edən tələbələrdən enerji içkilərini nə qədər tez-tez içdikləri soruşulub. Onlara həmçinin yuxu rejimi ilə bağlı ətraflı suallar verilib, məsələn, nə vaxt yatıb, nə vaxt qalxırlar, nə qədər dərin yuxuya gedirlər, gecə oyanırlarmı?
Qeyd edək ki, yuxusuzluq həftədə ən azı üç gecə yuxusuz qalma və erkən oyanma problemləri, üstəlik ən azı üç ay ərzində həftənin ən azı üç günü gündüz yuxululuq və yorğunluq kimi müəyyən edilmişdir.
Nəticələr göstərib ki, hər gün enerji içkisi qəbul edən insanların yuxuya getdikdən sonra oyanma ilə bağlı daha çox problemi olur, yuxuya getməsi daha uzun sürür və içməyənlərə nisbətən daha narahat və az yatırlar.
Tədqiqat göstərib ki, hətta ayda 1-3 enerji içkisi istifadə edən tələbələr belə qəti istifadə etməyənlərə nisbətən daha böyük yuxu problemi yaşayırlar.
Nubar Süleymanova, “İki sahil”