Dövlət büdcəsində sosial xərclərin məbləği artırılmaqla yanaşı, ümumi xərclərin 45, cari xərclərin isə 70 faizi sosial istiqamətlidir
Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Yeni dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib.
Belə ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində, eləcə də avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, həmçinin əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər daha tez pensiyaya çıxa biləcəklər. Eləcə də həmin sahələrdə əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxacaqlar.
Daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır. Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha gücləndirilməsi vacibdir. Bu baxımdan Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yeniləşdirilməsi təqdirəlayiqdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 11,2 faiz artaraq 933,8 manat olub. Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, 1 milyon 741 min nəfər əmək müqaviləsi ilə çalışıb. Onlardan 899 mini nəfəri dövlət sektorunda, 842 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2023-cü ildə orta aylıq əmək haqqındakı artımın iki rəqəmli olması bir tərəfdən minimum əməkhaqqının artırılması, digər tərəfdən isə bir sıra sektorlarda maaş artımları ilə bağlı idi. Belə ki, ötən il Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə iqtisadiyyatın fərqli sektorlarında çalışanların əməkhaqqı artımları reallaşdı. Bu isə orta aylıq nominal əmək haqqı məbləğinə birbaşa təsir göstərdi.
Bəs, 2024-cü ildə əməkhaqqı nə qədər artacaq? Orta aylıq əməkhaqqındakı artım faizi, həmçinin əmək pensiyalarının indeksləşdirilməsi, yəni artırılması baxımdan da vacibdir. Bu kontekstdən maaşlar nə qədər çox artırsa, ona uyğun pensiya artımları da reallaşır. 2024-cü ilin yanvarından etibarən hərbi qulluqçuların vəzifə maaşlarında artımlar qeydə alınıb.
Bu il orta aylıq əmək haqqındakı artım faizi dövlət sektoru ilə yanaşı özəl sahədə də maaşların neçə faiz artırılmasından asılı olacaq. Bununla belə, 2024-cü ilin dövlət büdcəsində sosial xərclərin məbləği artırılmaqla yanaşı, ümumi xərclərin 45, cari xərclərin 70 faizi sosial istiqamətlidir. Bu isə o deməkdir ki, 2024-cü ildə də sosial təminat tədbirləri gücləndiriləcək. Artıq ölkədə yeni dövr başlayır. Bu mərhələ, həmçinin sosial təminat sisteminin daha da gücləndirilməsinə imkan yaradacaq.
Cavid Əkbərov, “İki sahil”