Bir qadın qusma və qarın ağrısı şikayətləri ilə Türkiyənin cənubundakı Osmaniye xəstəxanasına müraciət edib. Lakin tezliklə həkimlər onun mədəsində və nazik bağırsağında 2 kiloqram (4,4 funt) tük olduğunu aşkar etdiklərini açıqlayıblar.
Uzun sürən qusma və qarın ağrısı şikayətləri ilə şəhərdəki özəl xəstəxanalardan birinə müraciət edən 40 yaşlı qadının mədə və nazik bağırsağında kütlələrin olduğu müayinədən sonra müəyyən edilib.
Əməliyyat zamanı onun mədə və nazik bağırsağından ümumi çəkisi 2 kiloqram olan tük çıxarılıb.
Əməliyyatı həyata keçirən mütəxəssis, doktor Seçkin Akküçük jurnalistlərə açıqlamasında kütləni çıxarmaq üçün qadını əməliyyat etdiklərini bildirib.
"Hazırda xəstəmizin ümumi vəziyyəti çox yaxşıdır. Onun qusması dayanıb. Hazırda sağalma mərhələsindəyik. Ədəbiyyatda buna "Rapunzel sindromu" deyirlər. Xəstəmizin vəziyyəti çox yaxşıdır. Bu daha çox mədədə görülür. Bağırsaqlarda nadir hallarda müşahidə olunur”, - deyə həkim Seçkin Akküçük bildirib.
"Xəstəmizi fərqli edən həm mədədə, həm də nazik bağırsaqda ayrı-ayrı trixobezoarların olması idi. Təəssüflər olsun ki, pasientimizin tük yemək vərdişi var imiş. Ümid edirik ki, bundan sonra ona bu vərdişindən qurtulmaq üçün lazımi dəstək veriləcək", -deyə həkim əlavə edib.
Nubar Süleymanova, “İki sahil”