İngilislər həmişə öz milli adət-ənənələrinə fədakarlıqla bağlı mühafizəkar insanlar kimi şöhrət qazanıblar. Britaniya adalarının sakinləri həm məşhur qlobal və milli miqyaslı adətlərə, həm də mahal və hətta şəhər səviyyəsində formalaşan bir çox yerli adətlərə riayət edirlər. Böyük Britaniyanın müxtəlif yerlərinin sakinlərinin ən qeyri-adi ənənələri haqqında daha çox öyrənməyə dəyər.
Merin tərəzidə çəkilməsi
1937-ci ildən bəri Bukingemşirdəki “High Wycombe”tərəzisi mer və onun məclis üzvlərini ölçür. Gözəl may günlərinin birində şəhər sakinləri bələdiyyə binasına toplaşır və məmurların çəkisinin müəyyən edilməsi prosedurunun əsasnaməyə uyğun aparıldığına əmin olurlar.
“High Wycombe”də ümumiyyətlə, qəbul edilir ki, məmurlar bir il ərzində kökəldilərsə, deməli, onlar vicdansızdırlar. Belə olan halda bələdiyyə sədri və komandasına lağ edilir, məsxərəyə qoyulur. Hətta bir neçə il əvvələ kimi məmurlara çürük tərəvəz, meyvə və yumurta atmaq da məqbul idi.
Pendir yarışı
Ənənəvi olaraq Qlosterşirdəki Kupers Hill qəsəbəsində əyləncəli və təhlükəli yarış keçirilir. Tədbirin təşkilatçıları kifayət qədər sıldırım dağdan pendir çarxını buraxırlar, iştirakçılar isə onu tutmalıdırlar. Pendirə yetişən və onunla dağın ətəyinə birinci çatan hər kəs mükafatın – həmin pendir çarxının sahibi olur.
Yarışlar gülüş və zarafatla müşayiət olunur və hər il heç gülməyən iştirakçılar olur. Ənənənin mövcud olduğu müddətdə təkcə xəsarətlər deyil, faciəli hadisələr də baş verib. Bir neçə boyun sınması halları yarışın 2010-cu ildə qadağan edilməsinə səbəb oldu. Ancaq son illərdə qeyri-rəsmi olaraq keçirilir.
Həyat yoldaşı ilə qaçmaq
Surrey əyalətinin Dorkinq şəhərində uzun müddətdir ki, bəyin gəlini qucağında evə aparmalı olması ilə bağlı bir ənənə var. Məlum olmayan səbəblərdən bu şirin adət bədəni və ruhu güclü olanlar üçün əsl idman yarışına çevrilib. Dorkinqli kişilər artıq arvadlarını çiyinlərinə alıb saatda 400 metr qaçmalıdırlar.
Çörək atılması
Uşaqlıqdan bizə çörəyi atmamağı öyrədiblər. Lakin Oksford əyalətinin Abinqdon sakinləri üçün bunun heç bir qəbahəti yoxdur. Orta əsrlərdən bəri şəhər merləri kral ailəsində baş verən əlamətdar hadisələr münasibətilə şəhər qalasının qülləsindən vətəndaşlara çörək atırdılar. Əvvəllər tədbirdə təkcə kasıblar iştirak edirdisə, bu gün çörəyin paylanması qəribə ənənəyə heyran olmağa gələn bütün şəhər sakinlərini və turistləri bir araya gətirir.
Toyuq yarışları
Derbişirin Bonsal kəndi 100 ildir ki, həyətyanı sahədə toyuq yarışlarına ev sahibliyi edir. "İdmançıların" diqqətini yayındırmamaq və qorxmamaq üçün quş yarışması mütləq sükutla keçirilir. Bu sakit tədbirə həyəcan qatan odur ki, yarışda qonşu kəndlərdən də toyuqlar iştirak edir.
Torpaq qurdlarını ovlamaq
Blekton, Devon sakinlərinin bir neçə nəsli "Wormcharming" adlı çox qeyri-adi yarışmada iştirak edirlər. Rəqiblərin vəzifəsi torpaq qurdunu istənilən vasitə ilə yerdən çıxarmaqdır. Qalib bu çətin tapşırığın öhdəsindən ən tez gələn şəxsdir.
Saman ayısının yürüşü
Kembricşirin Uttlesay şəhərində hər il keçirilən festival rusların Maslenitsası ilə çox oxşardır. Samandan hazırlanmış ayı kostyumunda bir adam şəhərin küçələri ilə keçirilən bayram yürüşündə iştirak edir. Parad mahnı və rəqslərlə müşayiət olunur və günün sonunda saman kostyumu yandırılaraq ümumi sevincə çevrilir.
Gicitkən yemək yarışı
Dorset əyalətinin Marşvud şəhərində baş verən qeyri-adi hadisə 30 ildən artıqdır ki, hər il keçirilir. Müsabiqə zamanı münsiflər heyətinin ciddi nəzarəti altında çoxlu miqdarda vitaminlərlə zəngin yabanı göyərti yeyilir. 80-ci illərin ortalarından keçirilən bu veqan çempionatının yaradıcısı yerli sakinlərdən biri olub.
Nubar Süleymanova, “İki sahil”