Milli Məclisin deputatı Aydın Hüseynov İkisahil.TV-nin qonağı olub.
“İki sahil” xəbər verir ki, deputat müsahibəsində bildirib ki, Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Xocalı faciəsi dünyaya ermənilərin nə qədər vəhşi millət olduğunu nümayiş etdirir. Amma dünya susmaqla ədalətin, beynəlxalq hüququn əksər dünya gücləri tərəfindən necə maraqların arxasında yox edildiyini göstərir. Bu reallıq inkaredilməzdir ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Elə çox da uzaq olmayan tarixə- 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrə nəzər salsaq görərik ki, döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi raket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. Bununla da işğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirdi.
Aydın Hüseynov bildirib ki, dövlət başçısı İlham Əliyev törədilən bu cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Ölkə rəhbəri cari ilin fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdıraraq bildirib:” “ Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın”.
Gördüyümüz kimi, dünyaya səs salan möhtəşəm Zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Artıq xalqımız torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi böyük qürur hissi ilə qeyd edirlər. Bu gün qürurla qeyd edirik ki, 30 ildə ermənilərin tamamilə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımız nəhəng quruculuq meydançasına çevrilib. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlılığı ilə diqqətdədir.
Şəmsiyyə Əliqızı, “İki sahil”