13 iyul 2026 14:01
134

İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz əmək mədəniyyəti formalaşdırılır - ÖZƏL

Bərpa-quruculuq işləri ilə yanaşı, əmək hüquqlarının qorunması və təhlükəsiz iş mühitinin yaradılması prioritet istiqamətlərdən biridir

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri regionun sosial-iqtisadi həyatına yeni nəfəs gətirməklə yanaşı, müasir və təhlükəsiz əmək münasibətlərinin formalaşdırılması üçün də əlverişli zəmin yaradır. Yeni müəssisələrin istifadəyə verilməsi, məşğulluğun genişlənməsi və istehsal sahələrinin inkişafı fonunda işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov "İki sahil"ə özəl açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə paralel olaraq təhlükəsiz əmək mühitinin yaradılması istiqamətində də sistemli fəaliyyət həyata keçirilir.

O qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yeni müəssisələr fəaliyyətə başlayır və minlərlə yeni iş yeri açılır. Bu proses əmək münasibətlərinin də müasir tələblərə uyğun qurulmasını zəruri edir.

Vüsal Məmmədovun sözlərinə görə, istehsalat risklərinin vaxtında müəyyənləşdirilməsi, bədbəxt hadisələrin qarşısının alınması, işçilərin sağlamlığının qorunması və təhlükəsiz iş şəraitinin təmin edilməsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə əmək qanunvericiliyinin tələblərinin tətbiqi, işəgötürənlərin və işçilərin maarifləndirilməsi, əməyin mühafizəsi sahəsində profilaktik tədbirlərin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür.

Mərkəz sədri vurğulayıb ki, regionda iqtisadi aktivliyin artması yeni əmək münasibətlərinin formalaşmasına səbəb olur. Bu münasibətlərin qanunvericiliyə uyğun qurulması, iş yerlərində risklərin düzgün idarə olunması və təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tələblərinə əməl olunması iş prosesinin ayrılmaz hissəsinə çevrilir və həm işəgötürənlər, həm də işçilər arasında məsuliyyət anlayışı daha da möhkəmlənir.

Vüsal Məmmədov əlavə edib ki, təhlükəsiz əmək mühitinin yaradılması yalnız işçilərin həyat və sağlamlığının qorunmasına deyil, eyni zamanda istehsalat qəzalarının azalmasına, əmək məhsuldarlığının yüksəlməsinə və müəssisələrin dayanıqlı fəaliyyətinin təmin edilməsinə də mühüm töhfə verir.

O bildirib ki, Böyük Qayıdış təkcə yaşayış məntəqələrinin və infrastrukturun yenidən qurulması deyil, həm də əmək hüquqlarının etibarlı qorunduğu, sağlam və təhlükəsiz iş mühitinin formalaşdırıldığı yeni inkişaf modelinin yaradılması deməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”