28 fevral 2024 00:12
549

“Samsung” “Apple”ı qabaqlayır?

“Samsung Electronics” şirkəti özünün ən son “ağıllı” üzüyünü təqdim edib. “Samsung” bu yeni modeli ilə geyilə bilən texnologiya üçün yeni standart müəyyən edərək şirkəti rəqiblərindən, xüsusən də “Apple”dan bir addım önə çıxarıb.

“Samsung Electronics”in "Galaxy Ring"i yuxu və fəaliyyət səviyyələri kimi sağlamlıq məlumatlarını toplayan və təhlil edən üzük kimi taxıla bilən cihazdır.

“Galaxy Ring” ilk dəfə İspaniyanın Barselona şəhərində dünyanın ən böyük mobil rabitə sərgisi olan Mobil Dünya Konqresində (MWC) nümayiş etdirilib. “Samsung Electronics” şirkəti il ərzində “Galaxy Ring”I təqdim etməyi planlaşdırır.

Şirkət üzüyün dizaynına xeyli vaxt sərf edib. “Galaxy Ring”nümayiş etdirildikdə, onun “Oura Ring” adlı fin şirkətinin hazırkı ən yaxşı ağıllı üzük məhsulundan daha zərif bir dizayna sahib olduğu ortaya çıxdı. “Oura” üzüyü gündəlik istifadə üçün narahat edən qalınlığı və həcmliliyinə görə tənqid edilmişdir.

“Galaxy Ring” qara, qızılı və gümüşü rənglərdə nümayiş etdirilib və geniş istifadəçilərə xidmət etmək üçün doqquz müxtəlif ölçüdə mövcuddur.

Rəqiblərindən daha yüngül olması, hətta yuxu zamanı da taxılmasının rahat olacağı gözlənilir.

“Galaxy Ring” qan axını ölçə bilən və smart saatlar kimi elektrokardioqram funksiyalarını yerinə yetirə bilən sensorlara malik olacaq. Bu, ürək döyüntüsünü və qan təzyiqini davamlı izləməyə imkan verəcəkdir.

“Samsung”un “Galaxy Ring”i təqdim etməsi şirkəti “Apple”a qarşı ağıllı üzük müharibəsində bir addım irəli apardı. “Apple” da, həmçinin ağıllı üzüklərin hazırlanmasına maraq göstərib və texnologiya ilə bağlı bir neçə patent təqdim edib.

Bundan əlavə, “Samsung” bu yaxınlarda süni intellektlə işləyən ilk smartfonunu, Galaxy S24 seriyasını təqdim etdi ki, bu da onun süni intellektlə işləyən smartfon bazarında “Apple”ı qabaqlaması deməkdir.

Nubar Süleymanova, “İki sahil”