28 fevral 2024 12:31
645

Yuxusuzluq ürək xəstəliyi riskini ÜÇ DƏFƏ ARTIRIR

Düzənsiz yuxu rejimi orta yaşlı insanlarda ürək-damar problemləri yaradır. Lakin fiziki aktivliklə bunun qarşısını almaq olar.

“İki sahil” xəbər verir ki, bu barədə “Health.com” saytında məlumat yayılıb. Alimlər müəyyən ediblər ki, yuxusuzluq qan şəkəri və yağ səviyyəsinin artmasına, həmçinin hipertoniyaya səbəb ola bilər. Amma bunun qarşısını müəyyən qədər almaq olar. Bunun çıxış yolu idmanla məşğul olmaq, fiziki baxımdan aktiv həyat tərzi keçirməkdir. İdman və fiziki aktivlik yuxusuzlugun insan orqanizmində yaratdığı fəsadların qarşısını tam almasa da , müəyyən elementlərin mənfi  təsirini kompensasiya edə bilir.

Alimlər müəyyən ediblər ki, yuxusuzluq, gecə yuxudan tez-tez oyanma və ya gündə altı saatdan az yatmaq ürək xəstəliyi riskini təxminən üç dəfə artırır. Alimlər hesab edir ki, zəif yuxu rejimi oturaq həyat tərzi və qeyri-sağlam qidalanma ilə də bağlı ola bilər. Eyni zamanda, yuxusuzluq sinir sisteminə, ürək və qan damarlarının normal fəaliyyətinə mənfi təsir edir.

Nüsrət Məmmədov, "İki sahil"