Bu vacib amili Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edir
XXI əsrin ən böyük layihələrindən olan TANAP, TAP qaz boru kəmərlərindən ibarət Cənub Qaz Dəhlizinə artan maraq, dünyanın enerji xəritəsinin dəyişilməsində xüsusi rolu olan əməkdaşlıq formatının genişlənməsi, Avropa ölkələrinin enerji təhlükəsizliyinin, regional sabitliyin təminatına yönələn birgə səyin güclənməsi layihədə təmsil olunan dövlətlərin koordinasiyasının uğurudur.
Ənənəyə müvafiq olaraq martın 1-də Bakının «Gülüstan» sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının keçirilməsi, Azərbaycanın enerji diplomatiyasının uğurlarının diqqətə çatdırılması, ölkəmizin Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun yüksək dəyərləndirilməsi rəsmi Bakının siyasi, iqtisadi, humanitar sahədə apardığı dialoqların məntiqi nəticəsidir. Paytaxtımızda keçirilən mühüm tədbirlər göstərir ki , enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Beynəlxalq əhəmiyyətli bu cür tədbirlərdə hər bir ölkənin milli təhlükəsizliyinin enerji təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilməsi, bu sahədə Azərbaycanın təşəbbüslərinin və rolunun artması ölkəmizin şaxələndirmə siyasətinin dəstəklənməsinin bariz nümunəsidir. Bu reallığı «Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev Avrasiyadakı geosiyasi vəziyyətin normallaşdırılmasında xüsusi rolu olan Azərbaycanın təşəbbüsü ilə qitə dövlətlərində bir çox marşrutlar üzrə interkorrektorların açılmasını Cənub Qaz Dəhlizinə artan maraq adlandırır. Macarıstana və Serbiyaya Azərbaycan qazının nəqli ilə ölkəmizin Avropaya qaz təchizatımızın coğrafiyası daha da genişləndi. «Şahdəniz”»dən sonra ikinci nəhəng qaz ehtiyatı olan «Abşeron”» qaz-kondensat yatağı ölkəmizin qarşıdakı illər üçün şaxələndirmə layihələrinin resurs bazasını təşkil edəcək. İllik hasilatı 1,5 milyard kubmetr həcmində müəyyənləşdirilən «Abşeron»un” ilk fazası artıq təsdiq edilib. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək barədəki razılıq əsasında şaxələndirmə siyasətinə alternativlər də əlavə olunacaq. «Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir» sözləri ilə Azərbaycanın enerji diplomatiyasının reallığa əsaslandığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu layihələr, bütün planlar ciddi təhlilə, məlumata, informasiyaya və ölkəmizin maliyyə resurslarına, habelə investorlarla razılaşmalara əsaslanır və investorlarla birlikdə icra olunacaq. Bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək.
Respublikamızda 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili»” elan olunması, ölkəmizin bərpaolunan enerji layihələrimizin dünya birliyi tərəfindən maraqla qarşılanması, böyük potensiala malik ölkəmizdə 230 meqavat gücündə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi imzalanmış müqavilələrə və Anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməklə bağlı öhdəliyin reallaşdırılacağına etibarlı təminatdır. «Qara Dəniz Yaşıl Kabel”» layihəsi ilə Avropaya yaşıl enerjinin ixracı isə Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır.
Beynəlxalq aləmdə mövqeyi möhkəmlənən, siyasi, iqtisadi qüdrəti artan, diplomatiya sahəsində uğurlar qazanan Azərbaycana qarşı qərəzli mövqelərini hər addımda bildirən ermənipərəst dairələrin bu sahədə də ölkəmizin uğurlarına kölgə salmaq cəhdləri hiss olunur. Azərbaycanın cari ildə COP29-a ev sahibliyi hüququnun qazanmasına da qısqanclıqla yanaşan bəzi QHT-lər və media qurumları ölkəmizdə neftin hasilatını bu qədim Odlar Diyarının ən böyük nöqsanı kimi təbliğ etməyə çalışırlar. «Qara qızıl» kimi dəyərləndirilən nefti qüsur adlandıranların ədalətsiz hücumlarının əksinə olaraq bu təbii sərvəti Allahın xalqımıza hədiyyəsi adlandıran, ermənipərəst dairələrin məkrli yanaşmalarını qətiyyətlə rədd edən dövlət başçımız İlham Əliyevin «Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir» sözləri bədxahlara diplomatik şillədir. Nəzərə almaq lazımdır ki, COP29-un Azərbaycanda təşkil edilməsi ilə bağlı qəbul olunan yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək məsuliyyətimiz yaşıl gündəliyimizin aktual səhifələrindəndir.
Tədbirdə çıxış edən Albaniyanın Baş naziri Edi Ramanın yeni Enerji İpək Yolu olan Cənub Qaz Dəhlizinin tərkib hissəsi sayılan yaşıl enerji layihələrinin bir çox ölkələrin həyatını dəyişdirdiyini etiraf etməsi də qərəzli dairələrin iddialarının əsassız olduğunu təsdiqlədi. Baş nazir bildirdi ki, strateji baxımdan Trans-Adriatik boru kəmərinin marşrutu üzərində yerləşən, Cənub Qaz Dəhlizi layihəsinin mühüm halqası olan ölkəsi transformasiya imkanına malik dəhlizin imkanlarından istifadə etməkdə, bərpaolunan enerji layihələrinə sərmayə qoymaqda, enerji infrastrukturu yaratmaqda maraqlıdır: «Hazırda Albaniya tam şəkildə bərpaolunan enerjidən faydalanan ölkədir. Lakin bizə enerji mənbələrinin şaxələndirilməsi lazımdır və biz bu istiqamətdə çalışırıq. Bizim üçün şaxələndirilmə əsasən hidroelektrik enerjisi deməkdir.»
Baş nazirin «Xanımlar və cənablar, Marko Polo Bakı ərazisində neft quyularının səpələndiyini, neftdən işıqlandırma və sağlamlıq məqsədləri üçün istifadə olunduğunu qeyd edirdi. Ancaq 1877-ci ildə Çarlz Marvin dünyaya sübut etmişdir ki, hətta İsa peyğəmbərdən əvvəl belə, bu gün Bakının yerləşdiyi Abşeron yarımadasından neft, indiki İran, İraq, Hindistan və digər ölkələrin ərazisindən nəql edilirdi» sözləri bəzi dairələrin Azərbaycanın enerji ehtiyatlarının tükənməsi ilə bağlı əsassız iddialarına real cavabdır. Göründüyü kimi, Bakının nəhəng sərvəti, hər zaman Avropa və Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyən həmin resurslar və qaz yataqları böyük potensiala malikdir.
Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simsonun «Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi» sözləri, Aİ-nin ötən il Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etməsi, ölkəmizin Panavropa təchizatına çevrilməsi bir həqiqəti təsdiqləyir: Azərbaycan etibarlı enerji tərəfdaşıdır və Aİ ilə rəsmi Bakının enerji sahəsindəki əməkdaşlığı uzunmüddətlidir.
«2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir» söyləyən xanm Kadri Simsonun vurğuladığı kimi, Cənub Qaz Dəhlizi, həmçinin bərpaedilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq formatına çevrilə bildi: «Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi. Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik.» Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Nazirlər iclasında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma Memorandumunun imzalanması çox mühüm addımdır. Bərpaolunan enerjiyə aid bu öhdəlik Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır. Avropa İttifaqının gələcəkdə elektrik enerjisi ixracında Azərbaycana əsas tərəfdaş kimi üstünlük verməsi, enerji ixracının 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər artırılması ilə bağlı proqnozların reallaşması ilə əlaqələr daha da genişlənəcək. «Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilmişdir və bu da Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Kompleks infrastruktur layihələrinin icrasında bacarığınızın təzahürüdür və təmiz keçidlə bağlı Sizin gələcək baxışlarınızdır. Şübhə etmirəm ki, bu, uğurlu COP29 olacaqdır və tam əminliklə Siz Avropa İttifaqının dəstəyinə arxalana bilərsiniz» söyləyən Aİ-nin rəsmisi əlavə olaraq bildirib ki, biz bütün maraqlı dairələrlə işləməyə hazırıq və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərin icrasına töhfə vermək istəyirik. Eyni zamanda ikitərəfli, həm qlobal metan qazı təşəbbüsü xətti ilə neft və qaz sənayesindən metanın havaya atılmasının azaldılması məsələsində çalışmağa hazırıq. Təbii ki, bu kimi humanist təşəbbüslər strateji məqsədlər kimi bütün dünya ictimaiyyəti üçün maraqlıdır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı «Euronews» televiziyasına müsahibəsində Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər barədə açıqlama verən Prezident İlham Əliyev üfüqdə olan COP29, Azərbaycanın yaşıl enerji gündəliyi ilə bağlı ölkəmizin öhdəliyindən də bəhs etdi: «Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.»
Əsas odur ki, qazıntı yanacağına sahib Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi «neft lənəti»nə düçar olmamağı bacardı, nefti amilinin insan amilinə çevirilməsi, bu təbii sərvətin ədalətli paylanması ilə ölkəmiz inkişaf etdirildi.
Xuraman İsmayılqızı, «İki sahil»