Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar və onların əməkdaşları üçün adi hala çevrilib. Bu baxımdan Avropa İttifaqının (Aİ) qeyri-adekvat bəyanatları təəssüf doğurur. Bəri başdan qeyd edək ki, bu qurumun bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Bu səbəbdən də rəsmi Bakı həmin bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Buna baxmayaraq, Azərbaycan təbii qazının Avropa İttifaqı ölkələrinə nəqlində davamlı artımın təmin edilməsi diqqət mərkəzindədir. Bunu Bakıda Aİ-nin 23 ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və Avropanın maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikirlər də bir daha sübut edir.
Aİ-nin energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simsonun sözlərinə görə, 2020-ci ilin sonundan, yəni Azərbaycanın Aİ-yə müntəzəm qaz tədarükünə başladığı vaxtdan bəri təxminən 46 faiz sabit artım müşahidə olunub: ”2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar”. Amma Aİ ölkələri bununla kifayətlənmək fikrində deyil. “Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir” deyən Kadri Simsonun qeyd etdiyi kimi, Aİ-nin ölkəmizlə əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir: “2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir”.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bildirib ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib: “Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir”.
Dövlətimizin başçısı, həmçinin uzun illərdir ki, “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi tamamilə yalan fikirlər səsləndirən, şayiə xarakterli məlumatlar yayan dairələrə də mesaj ünvanlamağı unutmayıb. Bildirib ki, onlar bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.
Xanım Kadri Simson sözügedən tədbirdən öncə Prezidentin qəbulunda olarkən də gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar da müzakirə olunub. Həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Avropa İttifaqı yaşıl enerjiyə olan tələbatının bir qismini Azərbaycanda istehsal olunan alternativ enerji hesabına ödəməyi planlaşdırır.
Yeni geosiyasi çağırışlar Aİ üçün enerji konsepsiyası məsələsini son dərəcə aktual edib. Xüsusilə davam edən Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyi böhranına səbəb olub. Belə ki, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə Rusiyadan enerji təchizatında fasilələr yaranıb. Kadri Simsonun qeyd etdiyi kimi, Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaqdır. Çünki hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır.
2022-ci ilin iyul ayının 18-də "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da bir daha təsdiqləmişdi ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var.
Bəli, bu gün Aİ ölkələrinin yanacaq problemi var. Bu problem qarşılıqlı iqtisadi əməkdaşlıqla aradan qaldırıla bilər. Bu baxımdan Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır. Şübhəsiz, Avropanın enerji coğrafiyasını tamamilə dəyişən rəsmi Bakı bu işin də öhdəsindən gələcək. Bu kontekstdə Azərbaycanın strateji əhəmiyyətinin daha da artacağını hər birimiz əminliklə deyə bilərik.
Qvami Məhəbbətoğlu, “İki sahil”