Dövlət başçısı İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı, “Euronews” televiziyasına müsahibəsi ölkəmizin enerji diplomatiyasının uğurlarının növbəti təqdimatı oldu
Martın 1-də “Gülüstan» sarayında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkənin, 6 beynəlxalq təşkilatın və 44 şirkətin təmsil olunduğu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında müxtəlif ölkələrdən nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Toplantının açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirən toplantıda müzakirə olunan məsələlər bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən bu toplantılar bir hesabat xarakteri daşıyır. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirlər həm ölkəmizin, həm iştirakçı, həm də əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan dövlətlərin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. «Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etmişdir ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.
Reallıq budur ki, enerji təhlükəsizliyi məsələləri hazırda xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz etibarlı tərəfdaş kimi dəyərləndirir. Bugünkü nailiyyətlərimiz enerji sektorunda qazandığımız uğurlara baxışı bir zərurətə çevirir.
Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi etməsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bugününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir.
Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bugünümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır”. Dövlət başçısı İlham Əliyev sözügedən toplantıdakı çıxışında bu reallığı xüsusi qeyd etdi ki, ötən il enerji sektorunda qazanılan mühüm uğurlardan biri Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək.
Günümüzün reallıqları Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut etdiyini təsdiqləyir. «Bizim sözümüz imzamız qədər dəyərlidir» söyləyən cənab İlham Əliyev belə bir əminliyi ifadə edir ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. O da məlumdur ki, 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu» imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsi kimi qeyd edildi. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizinin genişləndirilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. Albaniyanın Baş naziri Edi Raman çıxışında bu mühüm məqamı xatırlatdı ki, səkkiz il əvvəl nazirlər səviyyəsində keçirilən iclasda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyduğunu bildirmişdir. Belə bir əminlik də ifadə edilmişdir ki, bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahələri də əhatə edəcək.
Baş nazir həqiqətən də yeni Enerji İpək Yolu olan Cənub Qaz Dəhlizinin sıx əməkdaşlıq baxımından bir körpü olduğunu önə çəkərək onun ölkələri, şirkətləri, maliyyə institutlarını elə bir formatda bir araya gətirdiyini, bu layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdığını diqqətə çatdırdı. Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini yaşıl enerji təşkil edir.
Cənub Qaz Dəhlizi Avropanı daha da təhlükəsiz etdi. Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda, Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə enməsi və tezliklə sıfra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi birgə gələcək üçün mühüm rol oynayır.
Göründüyü kimi, hər bir layihə əlaqələrin inkişafında, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında iştirakına işıq salır. Azərbaycanı arzuolunan, dost və strateji tərəfdaş kimi dəyərləndirən tədbir iştirakçıları dünyanın enerji xəritəsini dəyişən və ölkəmizin iştirakçısı olduğu enerji layihələrini təqdir etdilər.
Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir. Onu da qeyd edək ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropaya daha da yaxınlaşdıracaq.
Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında bu məqama da xüsusi diqqət yönəltdi ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Bu layihələr arasında ötən il açılış mərasimi keçirilən ilk böyük Günəş Elektrik Stansiyasını qeyd edə bilərik. Bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və Anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etmək planlaşdırılır.
Tarixi Zəfərimizdən sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsi daha da aktuallaşdı. Qarbağımız və Şərqi Zəngəzurumuz zəngin bərpaolunan enerji potensialına malikdir. Dövlət başçısı İlham Əliyevin 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi haqqında Sərəncamında da qeyd edildiyi kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
O da vurğulanır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Hazırkı dövrdə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas çağırışlar sırasındadır.
Dövlət başçısı İlham Əliyev sözügedən toplantıdakı çıxışında bildirdi ki, Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimiz iradəmizin nümayişi olduğunu təsdiqləyir. Bir daha belə bir çağırışı etdi ki, buna görə bizə hücum edilməməlidir. Biz təqdir edilməliyik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Keçən ilin dekabrında bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunan kimi ölkəmiz dərhal yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldı. Neftimizin olması ən böyük nöqsanımız hesab edildi. Cənab İlham Əliyev toplantıda bu yanlış təbliğatı belə cavablandırdı: «Bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik… COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.»
Dövlət başçısı İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsi də bu kimi məqamlara işıq saldı. Cənab İlham Əliyev bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
Prezident İlham Əliyev həmin müsahibəsində Azərbaycanın enerji resurslarının xalqımızın rifah halının daha da yaxılaşmasına xidmət edən addımların atılmasını şərtləndirdiyini də diqqətə çatdırdı. Cənab İlham Əliyev çıxışlarında daim bu fikri xüsusi qeyd edir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar onlara heç də uğur gətirmir. Həmin ölkələrdə əhali arasında təbəqələşmə prosesi gedir. Lakin ölkəmizdə iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsi bu kimi problemlərin yaşanmamasına səbəb oldu. Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin qorunması insanların rifah halının yaxşılaşdırılmasına yönələn addımlarla müşayiət olunur. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu reallıqları xüsusi qeyd etdi ki, bizim nailiyyətimizdir ki, neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq.
Neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafına zəmin yaradır. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu, eyni zamanda, Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiqlənən «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)» sənədindən irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.
Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Tədbir iştirakçılarına bu mühüm məqam da çatdırıldı ki, Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır: «Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.»
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi etməsi ölkəmizin həm etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, yeni dostlar qazanmasında, həm də uzunmüddətli iqtisadi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyev neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirmişdir. Ulu Öndərin bu fikirlərinin davamı olaraq cənab İlham Əliyev vurğulayır ki, hamımız nələrin baş verdiyini bilirik. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.
Sözügedən iclasda bütün çıxışlarda bu reallıq da xüsusi qeyd edildi ki, Cənub Qaz Dəhlizi uğur hekayəsinə çevrildi. Bu hekayənin yeni qəhrəmanları var. Cənub Qaz Dəhlizi üzrə bütün tərəfdaşlarla başlanılan işin davam etməsinin gərəkliyi qarşıya qoyulan mühüm hədəflərdən oldu.
Yeganə Əliyeva, «İki sahil»