Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir
Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, son illərdə, xüsusilə də Cənub Qaz Dəhlizi işə düşdükdən sonra ümumilikdə Avropanın, o cümlədən Balkan ölkələrinin Azərbaycanın enerji resurslarına olan marağı və ehtiyacı artmaqdadır. Son illərdə Balkan ölkələrinin bir neçəsi Azərbaycan təbii qazını idxal etməyə başlayıb. Bir çox digər ölkələr isə Azərbaycan qazına çıxış əldə etmək üçün infrastruktur layihələri üzərində işləyir. Təsadüfi deyil ki, 2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10,3 faiz artaraq 3,2 milyard kubmetrə çatıb. Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki paylaşımda qeyd edib. Nazir bildirib ki, bu dövrdə 400 milyon kubmetr artımla hasil edilmiş 12,6 milyard kubmetr qazın 6,4 milyard kubmetri ixrac olunub. P.Şahbazovun dediyinə görə, cari ilin birinci rübündə Avropaya 3,2 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac edilib. O bildirib ki, hesabat dövründə TANAP-la Türkiyəyə 1,3 milyard kubmetr qaz nəql olunub.
Göründüyü kimi, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir. Hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan da 6-sı Avropa ölkəsidir. Yeri gəlmişkən, son illər “köhnə qitə”də getdikcə genişlənməkdə olan interkonnektorlar şəbəkəsi də öz mənbəyini məhz Cənub Qaz Dəhlizindən götürür. Özünün karbohidrogen resursları ilə Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan ötən müddətdə şaxələndirilmiş ixrac sistemini yarada bilib. Çoxvariantlı ixrac sistemlərinin ahəngdar işini təmin etmək üçün isə ölkəmizin potensialı yetərincədir. Belə ki, uzun illər Azərbaycanın “Şahdəniz” yatağı Avropanın mühüm “mavi yanacaq” mənbəyi rolunu oynayırdısa, artıq “Abşeron” kimi zəngin qaz yatağının da resursları ölkəmizin ixrac gücünə əlavə güc qatır. Bununla yanaşı, cari ilin sonunadək “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Ölkəmizin potensialı sadaladımız yataqlarla kifayətlənmir. Məlum olduğu kimi, bu il “Abşeron” qaz yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının verilməsi nəzərdə tutulur. Bu layihənin reallaşdırılması ilə “Abşeron” yatağında illik hasilatın həcmi 5 milyard kubmetrə çatdırılacaq. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan” və “Qarabağ” yataqlarının da potensialı olduqca yüksək qiymətləndirilir. Qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr, o cümlədən əmtəəlik qazı 36 milyard 779,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
Yeri gəlmişkən, Azərbaycan ənənəvi enerji ehtiyatları ilə yanaşı, həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Ölkəmizin quruda və dənizdə bərpaolunan enerji potensialı 200 qiqavat həcmində qiymətləndirilir. 2022-ci ilin dekabrında Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən Qara dənizin dibi ilə Avropaya 4 qiqavat “yaşıl enerji” nəql olunacaq.
Göründüyü kimi, Azərbaycanın enerji gündəliyi çox zəngindir və ölkəmiz Avropanın enerji xəritəsini həm ənənəvi enerji mənbələri, həm də bərpaolunan enerji üzrə yenidən formalaşdırır. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmi təqribən 3-4 min meqavat səviyyəsinə çatdırılacaq.
Müqayisədə deyək ki, ümumi elektrik stansiyalarının potensialı hazırda təqribən 7-8 min meqavatdır. Dünyanın aparıcı yaşıl enerji şirkətləri ilə mzalanmış kontraktlar və anlaşma memorandumları 10 min meqavat istehsalı nəzərdə tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əminliklə deyə bilərik ki, onların hamısı icra ediləcək və bu, bizim bütün daxili tələbatımızı ödəyəcək: “Təbii ki, bunun iqlim dəyişikliyi məsələlərinə də müsbət töhfəsi olacaq və eyni zamanda, bizə imkan verəcək ki, təbii qazı daha böyük həcmdə ixrac edək. Hətta əgər 10 min meqavatın yarısı həll olunsa, bu, bizə kifayət edəcək. Ancaq mən hesab edirəm ki, bu 10 min meqavatla bizim işimiz kifayətlənməyəcək, çünki potensial həddindən artıq böyükdür. Həm quruda, həm dənizdə yerlər təsdiq edildi və növbəti böyük günəş və külək stansiyalarının gələn il istifadəyə verilməsi nəzərdə tutulur”.
Sevinc Azadi, “İki sahil”