13 may 2024 18:25
544

“Xarıbülbül” Festivalı ilə dünyaya bir daha belə bir mesaj verildi ki... - Azər Həsrət

Prezidentin Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış mərasimindəki çıxışı, əlbəttə ki, hər cümləsi başda olmaq şərtilə ayrıca təhlil edilməlidir. Mən istərdim ki, bu çıxışın ən sonuncu cümlələrindən başlayım. Orada deyərdim ki, hətta qlobal çağırış kimi səslənən bir fikir yer alıb. Dövlət başçısı bildirib ki, biz bundan sonra buralarda topların, bombaların açılmasını istəmirik. Qoy buradan həmişə musiqi sədaları gəlsin. Əslinə qalanda elə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının ruhu da bundan ibarətdir. Yəni biz müharibələr istəmirik, qan istəmirik, insanların qarşıdurmasını istəmirik.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Azər Həsrət qeyd etdi ki, bizim istəyimiz sevinmək, şadlanmaq, musiqi, toy-bayram üçün bir araya yığışmaqdır. Özü də bunu sadəcə olaraq ölkədaxili öz aramızda etmirik, eyni zamanda qlobal səviyyədə edirik. Şuşa qeyd olunduğu kimi, Prezident də məsələnin üzərində dayandı, İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu dəfəki festivala İslam ölkələrindən təmsilçilər qatılmışdı. Dünyanın hər tərəfindən müsəlman ölkələrini təmsil edən mədəniyyət qrupları festivalda iştirak etdilər, gözəl çıxışları müşahidə etdik.

Əlbəttə ki, dünyaya bir daha belə bir mesaj verdik ki, bizim amalımız insanları məhz mədəniyyət yolu ilə bir araya gətirmək, insanlar arasında məhz bu yolla qarşıdurmaları aradan qaldırmaqdır. Dövlət başçısı da öz çıxışında məhz bu istiqamətləri vurğuladı, bu ruhda çıxış elədi. Düşünürəm ki, bizim istər bizim tərəfdarlarımız, istər bədxahlarımız bundan öz hesablarını almalıdırlar. 

Cavid Əkbər, “İki sahil”