17 may 2024 02:15
483

Cənubi Qafqazın zəif, orta və güclü bəndləri

Son günlər Cənubi Qafqazdakı proseslər bir qədər mürəkkəbləşib.  Belə ki, Qərb, o cümlədən ABŞ regionda möhkəmlənmək məqsədilə bütün vasitələrdən yararlanmağa çalışırlar. Daha doğrusu,  Qərb bu regionu özündən asılı vəziyyətə salmaq məqsədilə dəridən-qabıqdan çıxır. Bəs region dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan bütün bunlara necə reaksiya verir

Bəri başdan qeyd edək ki, Qərbin əlində alət olan Ermənistanda hazırda revanşistlər və separatçılar daha da fəallaşıblar. Belə ki, hazırda bu təcavüzkar ölkədə iğtişaşlar ara vermir. Şübhəsiz, son  günlər Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru addımların atıldığı, eləcə də sərhədlərin demarkasiyasının və delimitasiyasının başlandığı, 4 kəndin Azərbaycana təhvil verildiyi bir məqamda Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu, eyni zamanda iş adamı Baqrat Qalstanyanın (Srbazan) başladığı aksiyalar Qərbin diktəsi ilə həyata keçirilir.  Bu mənada həmin aksiyaları Qərbin yeni layihəsi kimi dəyərləndirmək olar. Göründüyü kimi, Qərb bu dəfə kilsənin imkanlarından yararlanmaqla, qaranlıq keçmişi olan “keşiş”i oyun meydanına buraxmaqla proseslərə dini çalarların əlavə olunmasına, emosionallığın artırılmasına çalışır. Keşiş Baqrat Qalstanyanın  erməni diasporuna müraciəti, daha doğrusu, aksiyalara qoşulmaq çağırışı isə şübhəsiz yeni münaqişənin yaradılmasına hesablanıb. Bəli, Qərb bu yolla Azər­baycana təzyiq göstərməyə çalışır. Öz maraqlarına elə don geyindirirlər ki, guya Qərb sülh istəyir və Ermənistanın müdafiəsi üçün hansısa tədbirlər görür. Amma görünən budur ki, Qərbin məqsədi İrəvanın vasitəsilə re­giondakı sabitliyi pozmaq və nəticədə Ermənistanı  Ukrayna, yaxud Liviyanın gününə salmaqdır. Elə bu niyyətlə də  Ermənistandakı xaos  geniş miqyas alır. Elə Qərbə, xüsusilə Fransaya  da bu lazımdır.

Gürcüstanda baş verən hadisələrə gəldikdə isə, mayın 14-də  QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdırmaq məqsədilə Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etməsi Qərbi lap hövsələdən çıxarıb. Çünki Qərb yaxşı dərk edir ki, belə olan təqdirdə, yəni, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçərsə bu ölkədəki qulbeçələri onların sifarişlərini yerinə yetirə bilməyəcəklər. Nəticədə arzuladıqları “rəngli inqilab” baş tutmayacaq. Digər tərəfdən, Qərbin Azərbaycanla bağlı  planları da alt-üst olacaq. Elə Gürcüstana edilən təzyiqlər də, aksiyalara çağırışlar da bundan qaynaqlanır.

Bütün bunlar bir daha sübut edir ki, Qərb istər Gürcüstanda, istərsə də Ermənistda öz çirkli məqsədləri, maraqları naminə hər cür üsullara əl atmaqdan çəkinmək istəmir.  Şübhəsiz, bu ölkələrdə davam edən olaylar nə təsadüfi, nə də təbii xarakter daşımır. Bütün bunlar Qərbin düşünülmüş ssenarisinə uyğun aparılır. Bir sözlə, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə hegemonluq etmək üçün bütün imkanlarını səfərbər edib. Amma insafən qeyd edək ki, bölgənin zəif bəndi hesab olunan Ermənistandan fərqli olaraq Gürcüstan müəyyən mənada Qərbə asanlıqla təslim olmaq istəmir. Elə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda qəbulu da bunu bir daha təsdiq edir.

Qərbin bütün təzyiqlərinə baxmayaraq,  44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal antiterror əməliyyatları ilə Ermənistanın 200 illik “böyük Ermənistan” ideyasını cəhənnəmə göndərən, ərazilərində separatizmin kökünü kəsərək öz suverenliyini tam bərpa edən, Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan isə müstəqil siyasət yürütməkdə davam edir. Üstəlik, rəsmi Bakı Cənubi Qafqazda geosiyasi gərginliyi azaltmaqda, stabil şəraitin bərqərar olmasına doğru addımlar atmaqda və hər hansı formada eskalasiya riskini minimuma endirməkdədir. Başqa sözlə desək, hazırda Cənubi Qafqazda milli maraqlarına görə böyük güclərin mənafeyini balanslaşdı­ran yeganə dövlət Azərbaycandır. Elə bu kimi səmərəli siyasətinə görə  ölkəmiz gündən-günə güclənir.

Rəsmi Bakının bu prinsipial mövqeyi də Qərbi qıcıqlandırır. Odur ki, hər vasitə ilə ölkəmizə qarşı qərəzli hesabatlar hazırlanır, saxtakarlıqlarla dolu açıqlamalar verilir, siyasi təzyiqlər olunur. Əgər Qərbin  logistika və nəqliyyat üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz üzərindən oyunları tam dəf edilərsə, şübhəsiz ki, bölgəmizdə uzunmüddətli və dayanıqlı sülh əldə olunar. Prezident İlham Əliyev Şuşa  şəhərinə köçmüş ilk sakinlərlə görüşü zamanı demişdir: “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar”. Bu isə o deməkdir ki, hazırda Cənubi Qafqazda gündəmi müəyyənləşdirən, heç kimdən təmənna güdməyən, ona uzanan barmaqları dərhal kəsən, bölgədə yeni reallıqlar yaradan Azərbaycan və  onun qətiyyətli lideri cənab İlham Əliyevdir. Şübhəsiz bu mesaj, həm də Cənubi Qafqazda araqarışdırmaqla məşğul olan Qərbə ünvanlanıb. Çünki rəsmi Bakı yaxşı bilir ki, Cənubi Qafqazın gələcək inkişa­fı sülh və sabitlikdən keçir. Buna nail olmaq üçün isə Qərbin heç bir “öyüd-nəsihət”inə ehtiyac yoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”