Şəhid anası: Kaş səni danlamayaydım, mənim şəhid balam!..
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə dövlətimizin nə qədər qüdrətli olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız haqlı olaraq bu cür ordu və onun vətənpərvər, qorxmaz, qeyrətli əsgər və zabitləri ilə qürurla fəxr edir. Belə oğullardan biri də düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək əbədi ölməzlik zirvəsinə yüksələn gizir Murtuzov Mehdi Muxtar oğludur.
Mehdi Murtuzov 1997-ci il iyul ayının 10-da Quba rayonunun Alpan kəndində dünyaya göz açıb. Ailədə 2 qardaş, 1 bacı olublar. Ailənin ilk övladı olan Mehdi anası Aynur xanımın istəyi ilə müəllim kimi Vətənin qulluğunda dayanmaq istəyib. Amma müəyyən problemlərdən buna nail ola bilməyib. O, Quba rayon 103 saylı Peşə Liseyində rabitəçi-elektrik ixtisasına yiyələndikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə müasir Azərbaycan tarixində misli-bərabəri olmayan şücaət salnaməsi kimi iz qoyan Aprel döyüşlərinin iştirakçısı olub. Mehdi hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində bir neçə şirkətdə çalışıb. Amma əsgərlik dövründə hərb sənətinə yaranmış maraq onu yenidən ordu sıralarına qaytarıb. O, müddətli hərbi təlimlərdən sonra müddətdən artıq hərbçi kimi Daşkəsən rayonundakı “N” saylı hərbi hissəyə göndərilib.
…2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın cəbhə boyu ərazilərimizdə törətdiyi təxribatlara cavab olaraq ordumuzun əks-hücum əməliyyatında fəal iştirak edən Mehdi Murtuzov sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində şərti adı “Üçtəpələr” olan döyüş mövqeyində hərbi tapşırığı yerinə yetirərkən qolundan yaralanır. O, həmin döyüşdə bir neçə hərbçi yoldaşını, o cümlədən Şəmkirin Aşağı Seyfəli kənd sakini Təbriz Namazovu da itirir. Yaralı olmasına baxmayaraq Mehdi öz xahişi ilə yenidən döyüşlərə atılır. Oktyabrın 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər Mehdinin son döyüşü olur. Həmin döyüşdə düşmən snayperinin açdığı atəşə tuş gələn Mehdi şəhidlik zirvəsinə yüksəlir. Qızğın döyüşlərin getməsi səbəbindən onun nəşini şəhid olduğu ərazidən çıxarmaq mümkün olmur. Ordumuzun şanlı Zəfərindən sonra, daha doğrusu, noyabr ayının 23-də, yəni 53 gündən sonra Mehdinin qarın altında qalmış nəşi şəhid olduğu ərazidən götürülür və bir gün sonra boya-başa çatdığı Alpan kəndindəki Subaba qəbiristanlığında torpağa tapşırılır.
Həmin günləri xatırlayan Mehdinin döyüş yoldaşı, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş kiçik çavuş Asim Qardaşov dedi ki, mən Mehdi ilə bir otaqda qalırdım: “Olduqca səmimi, mehriban bir hərbçi idi. Vətən müharibəsi başlayan gün biz çətin relyefə malik Kəlbəcər-Daşkəsən istiqamətində hərəkətə başladıq. Bir neçə əməliyyatı uğurla başa vuraraq düşmən mövqelərini ələ keçirdik. Mən həmin döyüşlərdə Mehdinin həqiqətən də cəsur döyüşçü olmasının şahidi oldum. Onu da deyim ki, birinci döyüşdə əslən Kürdəmirdən olan Adəm Əliyev şəhid oldu. İki gündən sonra növbəti döyüşə hazırlaşarkən yeni bir qrup təşkil olundu. Mehdi də həmin qrupda yer aldı. Sonradan biz yarımqruplara bölündük və səhər saat 5-6 radələrində düşmənin möhkəmləndiyi əraziyə keçdik. Təxminən saat 9-a qədər düşmənlə döyüşdük. Təbii ki, şəhidlərimiz də oldu. Səhv etmirəmsə, həmin döyüşdə 5 şəhid verdik. Taqım komandirimiz, həmçinin Mehdi də şəhid oldular. Amma düşmənin mövqe üstünlüyü olduğundan Mehdinin nəşini ərazidən çıxara bilmədik. Atəşkəs elan olunandan sonra biz şəhidlərimizin axtarışını davam etdirdik. Və nə qədər acı olsa da Muxtar kişiyə oğlunun şəhid olması xəbərini verdim”.
Bizi daha çətin döyüşlər gözləyir
Birinci Qarabağ döyüşlərinin iştirakçısı, hazırda Elşad Bayramov adına məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan atası Muxtar kişi bildirdi ki, oğlumla sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlamışdım: “Xoş əhval-ruhiyyədə idi. Hətta mənə dedi ki, biz ki bu sürətlə gedirik, inşallah, qısa zamanda səsimiz Şuşadan gələcək. Heç yaralanmasını da mənə bildirmədi. Onun zəngi bizə toxtaqlıq versə də, ürəyimizdə narahatlıq var idi. O, həmin gün anası ilə də danışdı. Amma şəhid olacağını və səsini bir daha eşitməyəcəyimizi əsla düşünmədik. Onu da deyim ki, mən o günədək oğlumun Vətən müharibəsində iştirak etdiyini bilmirdim. Bundan yalnız bacısı Ayşənin xəbəri var idi ki, o da qardaşı Mehdinin tövsiyəsi ilə bu barədə bizə məlumat verməmişdi”.
Bayaqdan bəri susan anası Aynur xanım bildirdi ki, həmin gün oğlum mənə bu sözləri dedi: “Ana, narahat olma, düşmənə qan uddururuq, hər şey yaxşı olacaq. Sən sadəcə əsgərlərimiz, zabitlərimiz, həmçinin mənim üçün dualar et. Axı Allah anaların dualarını daha tez eşidir. Mən sizinlə təxminən on gün əlaqə saxlaya bilməyəcəyəm. Çünki bu tərəflərdə “set” yoxdur. Bir də bizi daha çətin döyüşlər gözləyir. Əgər başıma nəsə gəlsə, başını dik tut. O gündən sonra onunla əlaqə saxlaya bilmədik”.
Araya çökən sükutu Muxtar kişi pozdu: “15 gün keçdi. Amma oğlumdan bir xəbər çıxmadı. Mənə məlum olan bütün ünvanlarla əlaqə saxlasam da, özüm oktyabrın 19-da və 23-də Daşkəsəndə olsam da oğlumdan dəqiq bir xəbər ala bilmədim. Ünsiyyətdə olduğum şəxslərin baxışlarından, söylədiklərindən vəziyyətin yaxşı olmadığı qənaətinə gəlsəm də bədbinliyi özümdən uzaqlaşdırmağa çalışdım. Az sonra Mehdinin döyüşlərdə itkin düşməsi barədə xəbərlər yayıldı. 53 gün sonra bizə bildirəndə ki, Mehdi şəhid olub, onda sözün həqiqi mənasında qol-qanadımız qırıldı. Hər dəfə bu barədə düşünəndə oğlumun bu sözləri yadıma düşür: “Hər nəyi xəyal etsən belə xəyalımızda olanlar deyil, qismətimizdə olanlar gələcək başımıza”. Bu da onun hər kəsə nəsib olmayan qisməti imiş. Vətən sağ olsun! Onu da deyim ki, biz onun toyuna hazırlaşırdıq”.
Üzüyü geri qaytardım
Bu məqamda anası yenidən söhbətə qoşuldu: “Hə, oğlumun sevdiyi qız da vardı. Özü də toya hazırlaşırdı. Hətta bəylik kostyumu da almışdı. Bacısına da demişdi ki, müharibədən sonra qız qapısına gedəcəyik. Biz də hazırlığa başlamaq niyyətində idik. Odur ki, oğlum döyüşlərdə olduğu gündə, daha dəqiq desəm, 2020-ci ilin oktyabrın 3-də rayon mərkəzindən üzük də almaq istədik. Amma qızın barmağının dəqiq ölçüsünü bilmədiyimiz üçün bu fikrimizdən vaz keçdik. Sonradan öyrəndim ki, sən demə, mənim balam oktyabrın 2-də şəhid olubmuş, məni şəhid analarının siyahısına daxil edibmiş, mən isə onun üçün toy tədarükü görürəm”.
Bu sözlərdən sonra Aynur xanım göz yaşlarına hakim ola bilmədi. “Mehdim, Mehdim, mənim şəhid balam” deyərək fəryad etdi. Onun bu fəryadına biz də kövrəlməklə qoşulduq. Handan-hana özünə gələn Aynur xanım oğlu ilə əlaqədar hazırladıqları guşədəki fotolardan birinin qarşısında dayanaraq özünəməxsus tərzdə oxşaya-oxşaya göz yaşları içində ürəyinin “kaş ki”lər səhifəsini vərəqləməyə başladı: “Oğul, yadındamı dərslərinə bir qədər səhlənkar yanaşanda səni o ki var danlayardım. Dilim-ağzım quruyardı, kaş danlamayaydım. Sən demə, məktəbdə əlaçı olmadan da qəhrəman olmaq, Vətəni necə lazımdırsa qorumaq mümkünmüş. Nədənsə mən bu adi həqiqəti, oğlum, sən şəhid olduqdan sonra dərk etdim. Buna görə özümü bağışlaya bilmirəm. Məni bağışla, oğlum. Yadındamı, Vətən müharibəsinin başlanmasından bir ay öncə evimizə gəlmişdin. Nənən Firuzə xanımla, atanla, bacınla, qardaşınla bir-bir şəkil çəkdirdin. Məni də səslədin. Amma başım işə qarışdığından, daha doğrusu, yol tədarükünü gördüyümdən səninlə birgə şəkil çəkdirə bilmədim. Kaş çəkdirəydim. Məni buna görə də bağışla, Mehdim”.
Az sonra Aynur xanım bu sözləri də dedi: “Yadındamı, oğlum, 2020-ci ilin sentyabrın 23-ü mənim ad günüm idi. Dedin ki, bu dəfə evə gələndə sənə elə hədiyyə alacağam ki… Amma, bala, sən öz şəhidliyini mənə hədiyyə etdin. Görünür, qismətimdə belə bir “hədiyyə” də varmış”.
Qələbəni görə bilməsə də…
Deyəsən, Aynur xanımın bu sözləri Muxtar kişinin yaddaşını təzələdi: ”Ümumiyyətlə, yeniliklərə meyilli olan Mehdi diqqətcil idi. İndiki kimi yadımdadır. Ordu sıralarında xidmətdə olarkən ilk maaşını evə göndərdi. Dedi ki, bu vəsaitlə babam Əlipaşa kişinin qəbirüstünü sahmana sal, müqəddəs ruhların şəninə Quran oxut. Hə, bir də dedi ki, qoy anam hər bir əsgər və zabitin ürəyində iz qoymuş general-mayor Polad Həşimovun ruhuna halva çalıb qonum-qonşuya, o cümlədən imkansızlara paylasın. Hə, indi də oğlumdan söz düşəndə qonşular onun bu kimi xeyirxahlıqlarından ürəkdolusu söz açırlar. Bir də qonşular Mehdinin hər yazqabağı həyət-bacanı necə zövqlə sahmana salınmasını xatırlayanda istər-istəməz kövrəlirlər.
Ən böyük arzusu qardaşı Elmiri ali savadlı mütəxəssis kimi görmək idi. Yeri gəlmişkən qeyd edim ki, Elmir hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının riyaziyyat və informatika fakültəsinin II kurs tələbəsidir”.
Şəhid atası fikrini bu sözlərlə tamamladı: “Vətən şəhidləri ilə ucalır. Şəhidlik isə əbədiyyət zirvəsidir. Qanı ilə, canı ilə dastan yazan oğlum artıq təkcə doğma kəndimizin, rayonumuzun deyil, bütün Azərbaycanın qəhrəman oğluna çevrilib. Digər şəhidlərimiz kimi, onun da əziz xatirəsi həmişə ehtiramla yad edilir. Oğlum yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün onun da ruhu şaddır. Çünki uğrunda canını verdiyi tarixi yurd yerlərimiz işğaldan azaddır. Allah oğlumla bərabər bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bəlkə də, başqa vəziyyətdə oğul itirsəydim, çox pis olardım. Vətən, müqəddəs torpaq uğrunda şəhid vermək isə çox qürurvericidir.”
Şəhidin qardaşı çox danışa bilmədi: “Qardaşımın yoxluğu ilə barışa bilmirəm. Odur ki, Mehdinin ev-muzeyi adlandırdığımız otağına çəkilir, onunla qiyabi həmsöhbət olmağa çalışıram. Sanki o mənə hər dəfə belə deyir: “Ay Elmir, axı niyə belə bədbinsən. Unutma ki, şəhidin qardaşına belə bədbinlik yaraşmaz”.
Sonda onu da vurğulayaq ki, Murtuzov Mehdi Muxtar oğlu Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Alpanın digər şəhidləri kimi, onun da əziz xatirəsi kəndimizdə şəhid ataları - Muxtar Murtuzovun və Vidadi Balayevin təşəbbüsü ilə inşa olunmuş abidə kompleksində əbədiləşdirilib. Evlərinin qarşısında isə şəhid Mehdi Murtuzovun xatirəsinə bulaq inşa olunub. Quba rayonunun müvafiq strukturları tərəfindən onun adının əbədiləşdirilməsi istiqamətində də müəyyən addımlar atılır. Ruhun şad olsun, Vətənimin qəhrəman oğlu!
Qvami Məhəbbətoğlu, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir