Bu gün Cənubi Qafqaz tarixinin ən mühüm dönüş mərhələlərindən birini yaşayır. Şübhəsiz, bu, regionda yaranmış yeni siyasi reallıqlarla əlaqədardır. Bu reallıqların yaranmasında Azərbaycanın hərbi-siyasi qələbəsi, separatizmin kökünü kəsməsi, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eləcə də son illərdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət həlledici rol oynayıb.
Azərbaycan həm də Cənubi Qafqazın siyasi və iqtisadi gündəliyinin formalaşmasında söz sahibidir. Azərbaycanın güclü iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, enerji resursları və genişlənən nəqliyyat infrastrukturu bu prosesdə mühüm amillərdəndir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri Azərbaycanın regional və qlobal bağlantılardakı əhəmiyyətini daha da artırıb. Azərbaycan artıq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini artıran əsas faktorlardandır.
Son dövrdə Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi də diqqət mərkəzindədir. Bu layihənin reallaşması Cənubi Qafqazın nəqliyyat xəritəsini müəyyən dərəcədə dəyişəcək, üstəlik, Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq və Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımaların inkişafına yeni impuls verəcək. Şübhəsiz, bu da Azərbaycanın bölgəyə bəxş etdiyi bir reallıqdır.
Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi də davam edir. Yeri gəlmişkən, Azərbaycandan Ermənistana yanacaq məhsulları da tədarük edilir. Məlumata görə, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub. Bəzi siyasətçilər bu addımları sülhün iqtisadi dividendləri adlandırırlar.
Regionda formalaşan yeni reallığın digər mühüm istiqaməti Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Hətta Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında normallaşma prosesi sürətlənib. Etimad quruculuğu istiqamətində praqmatik addımlar atılıb və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər ediblər. Şübhəsiz, vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də müxtəlif dövlət rəsmilərinin həm Ermənistan, həm də Azərbaycan ərazisində görüşlərinin keçirilməsi də yaranmış yeni reallığın göstəricilərindəndir.
Azərbaycan reallığının mühüm göstəricilərindən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesidir. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Bununla da Azərbaycan yekun sülhə tam hazır olduğunu aydın şəkildə nümayiş etdirir. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə hazırda yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90 mini ötüb. Bu proses həm də Azərbaycanın yaratdığı reallığın praktiki ifadəsidir.
Bütün bunlar göstərir ki, Cənubi Qafqazda əvvəlki status-kvoya qayıtmaq mümkün deyil. Çünki artıq bölgə əvvəlki qarşıdurma modelindən fərqli yeni reallıqlar əsasında formalaşmaqdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq güclər tərəfindən də qəbul edilir. Bu reallığın əsas müəllifi isə Azərbaycan və onun lideri Prezident İlham Əliyevdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”